Son yeniləmə: 5 Aprel 2023 15:17
BAYRAQDAR MEDİA – Azərbaycanın Vaşinqtondakı səfirliyində TÜRKSOY-un yaradılmasının 30 illiyi qeyd edilib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Qeyd edilib ki, tədbirə Azərbaycanın səfiri Xəzər İbrahim ev sahibliyi edib. Tədbirdə Qazaxıstan səfiri Yerjan Aşıkbayev, Qırğızıstan səfiri Baktıbek A.Amanbayev, Türkmənistan səfiri Meret B.Orazov, Türkiyənin səfiri Murat Mercan və TÜRKSOY-un baş katibi Sultan Raevin rəhbərlik etdiyi qurumun nümayəndə heyəti iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən səfir X.İbrahim 2023-cü ilin bütün türk dünyası üçün əhəmiyyətli olduğunu bildirib: “Biz TÜRKSOY-un 30 illiyini, Türkiyə Cümhuriyyətinin 100 illiyini, Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması və Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd etdiyimiz mühüm bir dövrdəyik. Tərəfdaşlığımızı dünyaya nümayiş etdirməyin vaxtıdır”.
TÜRKSOY-un baş katibi Sultan Raev çıxışında “Bütün türk dünyası Azərbaycanın Qarabağ Zəfərinə sevindi. O, qələbə sevincini bölüşdü.Türkiyədə baş verən zəlzələdən sonra isə ağrımız eyni idi. Birlikdə olduğumuzu söyləyərək dəstəyimizi paylaşdıq. İki fərqli hadisə xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdı. Bu, bizi bir-birimizə bağladı və dünyaya göstərdi ki, hansı vəziyyətdə olursa olsun bir-birimizin yanındayıq. İndi dünyaya ümid olan bu birliyi daha çox insana göstərməyin vaxtıdır” deyib.
İlk türk əməkdaşlıq təşkilatı olan TÜRKSOY-un 30-cu ildönümü çərçivəsində təşkil olunacaq tədbirlərin türk qədim mədəniyyətinin daha geniş auditoriyaya çatmasına kömək edəcəyini deyən S.Raev, türk diasporunun bir biri ilə qarşılıqlı əlaqəsini artırmağı hədəflədiklərini qeyd edib.