BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 5-də SN-dən daxil olub.
Xəbərdə bildirilir ki, “Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub”.
Baş redaktordan: Bir neçə gündür ki, mediada bu xəstəxananın adı hallanır. Səbəbsə Bakıdakı 3 saylı uşaq evinin bir sakininin həmin xəstəxanaya yerləşdirilməsidir. O uşaq xəstəxanaya yerləşdirildikdən sonra buranın artıq keçmiş baş həkimi olan Ağahəsən Rəsulov açıqlama verərək bildirmişdi ki, uşaqda psixi problem yoxdur. O, hətta onu da bildirmişdi ki, uşağı uşaq evinə geri göndərmək istəyirlər, sonuncu qurum onu qəbul etmək istəmir.
Uşağın Psixiatriya Xəstəxanasına göndərilməsi isə sosial mediada yaydığı açıqlama ilə əlaqələndirilirdi. Həmin açıqlamada o, uşaq evindəki pozuntulardan danışır. Videodan da görünür ki, sözügedən uşaq heç də psixi xəstəyə bənzəmir.
Məhz bu məsələ müzakirəyə çıxarıldıqdan sonra SN-nin Ağahəsən Rəsulovu təqaüd yaşına çatdığı üçün işdən azad etməsi də əlavə suallara səbəb olub. Bu addımın bu müzakirələr fonunda atılması, əlbəttə ki, əlavə suallar doğurmaya bilməzdi.