BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə Respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə başlanılıb.
Bu haqda sözügedən İnstitutun aprelin 4-də yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “İnstitutun ilk səfəri Qaradağ rayonuna olub. Tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nüməyəndələri, din xadimləri iştirak ediblər. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatların, eyni zamanda, gənclərin yüksəkintellektli, savadlı kadrlar kimi yetişmələri üçün həyata keçirilən tədbirlərin dövlət siyasətinin başlıca istiqamətlərindən olduğunu qeyd edib. T.İsmayılova həmçinin tədbir iştirakçılarına Aİİ haqqında məlumat verərək bildirib ki, hazırda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində inkişafı, eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ali təhsil müəssisəsinin fəaliyyəti təqdirəlayiqdir”.
Daha sonra xəbərdə qeyd olunur ki, “Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin yaranması, fəaliyyəti və qarşıda duran hədəfləri barədə geniş məlumat verib. O bildirib ki, Aİİ-nin əsas məqsədi sağlamdüşüncəli, Vətənini sevən, milli məfkurəyə sahib, mənəvi dəyərləri qoruyan din xadimləri və dinşünas mütəxəssislərin cəmiyyətə inteqrasiyasını təmin etməkdir”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Bakı şöbəsinin əməkdaşı Elşən Quliyev çıxışında gənclərin milli-mənəvi dəyərlərə bağlı formada böyümələrinin vacibliyinə toxunub. E.Quliyev Azərbaycanda ödənişsiz tədris həyata keçirən yeganə ali dini təhsil müəssisəsi olan Aİİ-də təhsil almağın üstünlükləri və gələcək perspektivləri barədə fikirlərini bölüşüb.
Tədbirdə həmçinin Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov, rektor köməkçisi Emin Orucov ali təhsil müəssisəsində yaradılan şəraitdən, tədris prosesindən danışıb.
Tədbir zamanı Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.