BAYRAQDAR MEDİA – Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi Baş Prokurorluğa müraciət edib. Buna səbəb həmin qurumun mühasibinin qanunsuz əməlləri olub. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bununla bağlı aparılmış cinayət işinin istintaqı da artıq yekunlaşıb.
Bu haqda xəbəri aprelin 3-də Baş Prokurorluq yayıb.
Xəbərdə deyilir ki, Zərifə Abbasova adlı mühasib “2017-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən Nümayəndəliyin bank hesabında olan pul vəsaitlərini nağdlaşdırması, habelə saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda vəsaitləri öz əmək haqqı kartına köçürərək sözügedən təşkilata məxsus 980 min manatdan artıq pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib”.
Bunu nəzərə alaraq Baş Prokurorluq, “Zərifə Abbasovaya Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib” deyə xəbər verir.