BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev aprelin 3-də qardaş Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib.
Bu haqda xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Qonaq Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə qardaş ölkə rəhbərinin Azərbaycan Prezidentinə minnətdarlığını da təkrar ifadə edib.
Dövlət başçısı salamlara görə təşəkkürünü bildirib, onun da salamlarını Türkiyə başçısına çatdırmağı xahiş edib.
“Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyərək, Azərbaycanın Türkiyəyə yardımını qardaşlıq borcu kimi dəyərləndirdi”, – deyə xəbərdə bildirilir.
O da bildirilir ki, Azərbaycan Prezidenti bu yaxınlarda Ankarada Türkiyə Cümhurbaşqanı ilə görüşünü və R.T.Erdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırladıb. O, Türkiyə Cümhurbaşqanının işğaldan azad edilmiş Azərbaycan torpaqlarına səfərlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
“Prezident İlham Əliyev Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini deyərək, bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğuladı və bu şirkətin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçılarının hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd etdi.
“Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
“Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olundu.” Xəbərdə belə deyilir.