BAYRAQDAR MEDİA – “YAŞAT” Fondunun təşkilatçılığı, “TuranBank”ın baş sponsorluğu, “ASAN Könüllüləri” Təşkilatının və Tovuz rayon İcra Hakimiyyətin dəstəyi ilə Tovuz şəhərində reallaşdırılan növbəti “YAŞAT” idman düşərgəsi başa çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya aprelin 3-də sözügedən Fonddan daxil olub.
Xəbərdə bildirilir ki, “düşərgədə şəhidlərin Qazax-Tovuz regionunda yaşayan 6-12 yaş aralığındakı 26 övladı iştirak edib. Onlar üçün “Turan Tovuz” futbol klubu ilə tanışlıq gerçəkləşdirilib. Həmçinin uşaqlar klubun “Sumqayıt”la baş tutan oyununda futbolçular ilə birgə meydana daxil olublar və oyunu stadionda canlı izləyiblər”.
Daha sonra xəbərdə qeyd olunub ki, “düşərgədə iştirakçılar üçün stolüstü yarışlar, kikboksinq, taekvondo, cüdo, basketbol, voleybol idman növləri üzrə ustad dərsləri də təşkil olunub. Eyni zamanda Tovuz şəhərində yerləşən Dövlət Rəmzləri Muzeyinə, Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar, əyləncə və kino saatları reallaşdırılıb”.
Düşərgə çərçivəsində şəhid Hafiz Abdurrəhmanovun övladı Ziya Abdurrəhmanlının doğum günü qeyd olunub.
Ümumilikdə düşərgənin məqsədi sözügedən region gənclərinin fiziki sağlamlığının və idmana olan marağının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilidir.
Qeyd edək ki, layihənin media dəstəkçisi ASAN Radio olub.