Press "Enter" to skip to content

Azərbaycan İtaliya üçün strateji tərəfdaşdır

Görüş zamanı

BAYRAQDAR MEDİA – Aprelin 3-də xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub: “Tərəflər həmçinin Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı, o cümlədən enerji və nəqliyyat layihələrində, o cümlədən alternativ enerji layihələri istiqamətində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Ermənistanın 30 il ərzində ərazilərimizin işğalı nəticəsində törətdiyi vandallıqlar, 2020-ci il müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri barədə italyan nazir müavinini məlumatlandırıb. Bununla yanaşı, Ermənistan tərəfinin öhdəliklərinə zidd olaraq sülh prosesinə qarşı törətdiyi maneələr, siyasi və hərbi təxribatları, davam edən mina təhdidləri qarşı tərəfin diqqətinə çatdırıb”.

Məlumata əsasən, nazir müavini Edmondo Çirielli Azərbaycanın İtaliya üçün strateji tərəfdaş olduğunu qeyd edərək, münaqişənin başa çatması ilə bütün bölgədə yeni dövrün başladığını və daha əlverişli imkanların yarandığını deyib: “O, həmçinin iki ölkə arasında münasibətlərin hərtərəfli genişləndirilməsi üçün yeni imkanlar və əməkdaşlığın inkişaf perspektivləri barədə danışıb”.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.

Mission News Theme by Compete Themes.