Press "Enter" to skip to content

Ailəmiz hədəfə alınır, yazmalıyam… – VİDEO

Bu bizik!

Son yeniləmə: 1 Aprel 2023 19:33

BAYRAQDAR MEDİA – Neçə gündür sosial mediada “direktor müəllimləri məktəbə buraxmadı” adı altında videolar paylaşılır. Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdir hədəfdə. Daha doğrusu, onun direktoru, mənim xanımım Almaz Həsrət. Bəzi yarımqafalılar öz ağıllarınca oyun qurub, onu, onunla bərabər məni hədəfə gətirmək üçün illərdir çalışır.

Əslində isə nə baş verib? Sıradan bir durumdur. Almaz Həsrət təsərrüfat işləri üzrə direktor müavinini işdən çıxarıb. Səbəbsə odur ki, İsmət Yusifova adlı bu şəxs rəhbərliyin tapşırıqlarını yerinə yetirmir, konkret bir iş planı təqdim etmir və üstəlik də məktəbin ümumi ovqatını pozacaq əməllərə yol verir (hətta pedaqoji şuralara da qatılmır). Yəni bir pedaqoji mühitə yaraşmayacaq davranışlar sərgiləyir. Bütün bunlarla bərabər onun tutduğu vəzifə üçün tələb edilən təhsili də yoxdur!

Elə ən dəhşətlisi də budur ki, kim və nəyin qarşılığında belə bir şəxsi bu vəzifəyə təyin edib? (Yeri gəlmişkən, e-sistemdə bir şəxsin müvafiq təhsili olmasa onu ora oturtmaq olmur. Ona görə də Əmək Müfəttişliyi bu məsələyə də aydınlıq gətirməlidir: necə olub ki, bu qadın təhsili uyğun gəlmədiyi halda bu vəzifəyə təyinatı təsdiqlənib?) Yaxud da necə olub ki, yuxarı təşkilatlar bu təyinata göz yumub? Və necə olub ki, bu şəxs ölkədə bu qədər müvafiq təhsilli insanlar varkən belə bir yüksək vəzifəyə layiq olmadığı halda təyinat ala bilib?

Düşünürəm ki, bu sualların cavabını prokurorluq orqanları axtarmalıdır. Cavablar çox dəhşətli olacaq, əminəm…

Bu İsmət Yusifovaya gəlincə, təfərrüatlara varmadan deyim ki, onun nəinki müvafiq təhsili (o vəzifəni tutması üçün ən azı orta ixtisas təhsili tələb edilir), ümumiyyətlə təhsili yox imiş! Bəli, yanlış anlamadınız, məktəb görməyib bu qadın!

Almaz xanım da bir ildən çoxdur ondan təhsili ilə bağlı sənəd – heç olmasa 8 illik məktəb bitirməsi haqqında şəhadətnamə istəyir. Amma qadın hər dəfə bir yalanla baş aldadır. Ən maraqlısı da odur ki, sonuncu dəfə 10 illik təhsili olduğunu, lakin attestatını itirdiyini deyib. Almaz xanım da deyib ki, problem deyil, dublikat al, gətir. Və aradan keçən aylar ərzində o dublikat ortaya çıxmayıb. Çıxa da bilməzdi. Çünki, dediyimiz kimi, bu qadının ümumiyyətlə heç normal ibtidai təhsili də yoxdur! Amma təsərrüfat işləri üzrə direktor müavini işləyir və əlinin altında ali təhsilli işçi belə var!

Almaz xanım da uzun çək-çevirdən sonra axır ki, onu martın 13-də işdən azad edib. Üstəlik özünü də dəvət edib ki, təhvil-təslim etsin. Özü də bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsinin hüzurunda edib. Lakin İsmət Yusifova nümayişkaranə şəkildə deyib ki, “bura mənim mirasımdır, heç kim məni işdən çıxara bilməz”! Beləcə təhvil-təslimdən də yayınıb. Lakin ona elan edilib ki, martın 13-dən əmrin verilib və artıq məktəbin işçisi deyilsən.

Buna baxmayaraq bu qadın hər iş günü məktəbə gəlib, zorla binaya daxil olub. Bu azmış kimi, məktəbin siqnalizasiya, işıq, istilik sistemlərinə müdaxilə edib. Hətta başqa təxribatçı əməllər də törədib. Ona olan təmkinli xəbərdarlıqlara cavab olaraq bildirib ki, əgər məni zorla çıxarsanız, intihar edəcəyəm. Buna görə də direktor Almaz xanım polisə xəbərdarlıq müraciəti edib ki, birdən bu qadın nəsə etsə, bilinsin ki, məqsədli təxribatdır.

Hal belə olunca İsmət Yusifova məktəbin təşkilatçısı, iki il əsassız yerə direktoru məhkəmələrə çəkmiş Solmaz Əhmədova (pedaqoji şuranın heç bir iclasına qatılmır) ilə birləşib ki, Almaz xanımı gözdən salsınlar. Açıq şər, açıq böhtanla!

Sosial mediada yayılan videolar da bu İsmət və Solmaz adlı cütlüyün əl işidir. Biri içəridən, digəri isə dışarıdan haray-qışqırıq salaraq çəkiliş edir. İddia da edirlər ki, “direktor müəllimi məktəbə buraxmır”. Müəllim dedikləri də bu normal ibtidai təhsili belə olmayan İsmət Yusifovadır.

Əslində, Almaz xanım doğrudan da məktəb mühafizəsinə tapşırıb ki, martın 28-də o qadını içəri buraxmayın. Onlar da bunu ediblər. Lakin içəridə olan Solmaz Əhmədova, videodan da göründüyü kimi, səsini başına atıb zorla qapını açır, artıq məktəbin işçisi olmayan kənar şəxsin içəri keçməsini təmin edir…

Və bu olaydan sonra düz 3 gün Solmaz Əhmədova məktəbə gəlməyib…

İndi isə Solmaz Əhmədovanın məktəblə məhkəmə çəkişməsinə aydınlıq gətirək.

Almaz Həsrət 2020-ci ilin sentyabrında məktəbə direktor təyin edildikdən sonra bəlli olur ki, bu Solmaz həm də biologiyadan dərs deyirmiş. BŞTİ də bunu Almaz xanıma irad tutur və o qadının dərs saatlarını ləğv etməyi tələb edir (halbuki dərs cədvəli Almaz Həsrət oraya direktor təyin edilənədək tərtib və təsdiq edilibmiş. Yəni iradın ünvanı da daha əvvəlki direktor əvəzi olmalıydı…). Almaz xanım da bunu edir. Bundan sonra bu Solmaz xanım əvvəl məktəbdə haray-qışqırıq salır, ondan sonra da gedib BŞTİ-də sözün bütün anlamlarında küçə səviyyəsində hay-küy salır. O həddə ki, BŞTİ-nin mühafizəçiləri buna qarşı güc tətbiq etməli olurlar.

Səbəbsə budur ki, Solmaz adlı bu qadın iddia edir ki, onun dərs deməyə haqqı çatır. Buna isə izah edilir ki, məktəb rəhbərliyinə daxil olan şəxslər yalnız o halda həm də dərs deyə bilər ki, məktəbdə onların dərs deyə biləcəyi fəndən dərs saatları normadan çox, müəllim sayı isə az olsun. Yəni hər fənn müəlliminə ən azı 18 saat həftəlik dərs yükü ayrıla biləcəyi təqdirdə əlavə dərs saatları qalarsa, BŞTİ-nin icazəsi ilə direktor və onun müavinləri də ixtisasları uyğun gəldikdə dərs keçə bilərlər. 3 nömrəli məktəbdə isə durum belədir ki, heç fənn müəllimlərinin özlərinə tam stavka – 18 saat dərs yükü təmin edilə bilmir. Ona görə də bu Solmaz adlı qadın dərs saatı tələb edə bilməz.

Nə isə! Bu qadın bu qərarla razılaşmadı. Binəqədi Rayon Məhkəməsinə şikayət etdi. Bu Məhkəmədəki “ağıllı” hakim də özünə bəlli olan səbəbdən bu Solmazı haqlı çıxardı. Ardından da BŞTİ və məktəb Bakı Apelyasiya Məhkəməsinə üz tutdu. Oradakı həddən artıq “ədalətli və savadlı” hakimlər də hesab etdi ki, Solmaz Əhmədova haqlıdır və ona dərs saatları ayrılmalıdır.

Təbii ki, belə bir məhkəmə qərarını icra etmək mümkün deyildi. Əgər direktor Solmaz Əhmədovaya dərs saatı ayırsaydı, bu dəfə Təhsil Nazirliyinin qaydalarını pozmuş olacaqdı. Belə olanda da direktor cəzalanacaqdı…

Ona görə də növbəti mərhələdə Ali Məhkəmənin Kollegiyasına müraciət edildi və nəhayət ki, hər şey qanun çərçivəsində həll edildi: Solmaz Əhmədova dərs saatı tələb etməkdə haqsızdır və məktəb düzgün qərar verib!

Bununla da məsələ qapandı.

Amma bu Solmaz Əhmədova öz şər-böhtanlarından bu gün də əl çəkmir! Sosial mediada durmadan yazır ki, “Almaz Həsrət mənim dərs saatlarımı əlimdən alıb satdı”! Bu alverçi təfəkkürlü qadın elə düşünür ki, hamı onun kimi küçə ticarəti ilə məşğuldur! Hələ bu azmış kimi, ailə üzvlərini də bu şər-böhtana ortaq edib, onlar da ailəmizi hədəfə alan paylaşımları tirajlayırlar!

İndi məktəbdə kimin hansısa problemi olursa, bu Solmaz Əhmədova onu çənəsinin altına salır, yoldan çıxarır, qızışdırır və belə xoşagəlməz səhnələr yaradır. Özü də Almaz xanıma açıq deyir ki, “səni çərlədəjəm”…

Elə bu İsmət adlı sözün bütün anlamlarında savadsız qadını da aldadaraq bu oyunlara çəkən Solmaz Əhmədovadır. Özü bəd əməllərini gerçəkləşdirə bilməyib, düşünür ki, bu qadının əli ilə nəsə edəcəkmiş…

Bu təfəkkürdə olan adamların bir məktəbdə ümumiyyətlə işləməsi yolverilməz olmalıdır! Bizə görə pedaqoq, məktəb işçisi müqəddəs insandır! Onun oturuşu-duruşu, davranışı elə olmalıdır ki, hər kəs bundan örnək götürsün. İndi bu Solmaz və ya İsmət adlı qadınların davranışından örnək götürüləsi nəsə gözə dəyirmi?

Yeri gəlmişkən, bu paylaşımlar Solmaz adlı qadının məktəbi gözdən salmaq üçün sosial mediada etdiyi ilk paylaşımlar deyil. O, artıq iki ildir 3 nömrəli məktəbi, onun kollektivini gözdən salan şər-böhtan yaymaqla məşğuldur. Hələ üstəlik mətləbə dəxlim olmadığı halda məni da orda-burda təhqir etdiyi haqqında xəbərlər alırıq. Belə bir şəxsi Elm və Təhsil Nazirliyi bir an belə gözləmədən dərhal təhsil sistemindən uzaqlaşdırmalıdır! Bu səviyyədə adamlar məktəblərdə qaldıqca yetişən nəsil əldən gedəcək!

Və daha bir məqam. Bu Solmaz və İsmət cütlüyü direktora, məktəbə, kollektivə böhtan ataraq bir paylaşım etdi. Onu da “direktor müəllimləri məktəbə buraxmır” adı altında tirajladı. Yazıqlar olsun mediamıza ki, arayıb-araşdırmadan bu ad altında xəbərlər yaydı. Halbuki, yuxarıda da izah etdim, bu “müəllim” kimi təqdim edilən İsmət adlı qadının normal ibtidai təhsili belə yoxdur!

Bu xoş olmayan xəbərlər tirajlanmaqdaykən yuxarı idarədən Almaz xanıma zəng edən məmuru da diqqətsiz qoymayaq deyirəm. Adam zəng edib ki, bəs, jurnalistlər sizə müraciət edəndə “İsmətin təhsilsiz olmasını deməyin və Solmazın da adını çəkməyin”. Ağlına quzu kəsərəm sənin, ay məmur, sən də deyəsən elə İsmət səviyyədə təhsil sahibisən axı. Yaxud, səni belə deməyə sövq edən maraq nədir görəsən?..

Daha bir vacib məqam! Həm də çox narahatedici məqam! Bu Solmazın paylaşımlarının altında yazılan şərhlərdə artıq sadəcə məktəbə deyil, oranın şagirdlərinə atılan çox çirkin bir böhtan da diqqətimizi çəkdi! Həmin böhtanda iddia edilir ki, guya 3 nömrəli məktəbin 9-cu sinif şagirdi hamilə qalıbmış!

Və bu yalanın mənbəyi kim olsa yaxşıdır? Məktəblinin dostu! Bəli, məhz belə! İllərdir həyəcan təbili çalırıq ki, bu “məktəblinin dostu” adı altında məktəblərə yerləşdirilmiş şübhəli örgüt nəsə başqa işlərlə məşğul olur. Kimsə bizi dinləmir! İndi bu 3 nömrəli məktəbdə bu “dostlardan” Almaz xanımı gözdən salmaq üçün istifadə edir bəzi vəzifə sahibləri!

Sonda: Bir də bir polis zabiti var Binəqədidə. Bir dəfə Almaz xanıma zəng edib şöbəyə çağırmışdı ki, bəs, niyə Solmaz xanımın dərs saatlarını əlindən almısınız. Onda bu məsələyə, sağ olsunlar, Daxili İşlər Nazirliyi səviyyəsində reaksiya verdilər, o polisə başa saldılar ki, məktəbdə dərs saatı bölgüsünə qarışmaq kimi bir səlahiyyətin yoxdur. İndi də eyni polis Almaz xanıma zəng edib ki, siz niyə bu İsmət xanımı işdən çıxarmısınız? Ümid edirəm ki, DİN bu dəfə başını hara gəldi soxan bu təsadüfi adamı sistemdən birdəfəlik uzaqlaşdırmaqla böyük bir ayıbı təmizləmiş olacaq…

Lap sonda: Bu baş verənlər, əslində, Prezident İlham Əliyevin ölkədə apardığı islahatlara cahilcə dirənişin bir acı örnəyidir. Təmiz adıyla dürüst işləməyə çalışanlara belə cahil adamlar böhtan atar, onları gözdən salmağa çalışar. Daha dəhşətlisi isə odur ki, bu durumlarda bəzən yuxarı idarələrdəki məmurlar da o cahillərin yanında yer almaqla Prezidentin islahatlarını sabotaj edirlər…

Mission News Theme by Compete Themes.