Son yeniləmə: 31 Mart 2023 09:20
Bulut Alemdar: 1918-ci ilin martında Güney Azərbaycanda 250 min azərbaycanlı qətlə yetirilib
BAYRAQDAR MEDİA – “31mart Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılıb. Çünki 1918-ci ilin mart günlərində, xüsusilə də martın 31-də bolşevik-daşnak qüvvələri tərəfindən Azərbaycanın quzeyində kütləvi qətliamlar, soyqırımı törədilib. Həmin günlər Bakı, Şamaxı, Quba və digər şəhərlərdə azərbaycanlılara qarşı törədilən soyqırımı zamanı on minlərlə türk erməni vəhşiliyinin qurbanı olub”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Güney Azerbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Mərkəzi Şura üzvü Bulut Alemdar deyib.
O, qeyd edib ki, həmin vaxt ermənilər təkcə Quzey Azərbaycanda deyil, eyni zamanda Güney Azərbaycanda da soyqırımı törədiblər: “Ümumilikdə həmin vaxt ermənilər Güney Azərbaycanda 250 min azərbaycanlını qətlə yetiriblər. Xüsusilə Culfa, Xoy, Mərənd, Urmiya və Səlmas şəhərlərində bu qətliamlar daha geniş hal alıb. İraqın quzeyindən gələn suryanilər və ingilis əsgərlərinin də dəstəyini alan erməni silahlı dəstələri Güney Azərbaycan şəhərlərini talan edib, insanları qətlə yetiriblər. Həmin vaxt Urmiya bazarı da erməni canilər tərəfindən yandırılıb. Həmçinin, sonralar həmin bazar ərazisində aparılan qazıntılar zamanı bəlli oldu ki, ermənilər azərbaycanlıları toplu şəkildə qətlə yetirərək kütləvi qəbirlərdə basdırıblar. Quzey Azərbaycanda, Qubada aşkar edilən kütləvi məzarlıqlar kimi, Urmiyada da dediyim ərazidə bir yerdə basdırlmış insanların sümükləri aşkar edilib. Həmin bazarda ümumilikdə 13 min nəfər türk erməni faşizminin qurbanı olub”.
B.Alemdar deyib ki, ermənilər həmin vaxt Xoy şəhərini mühasirəyə alaraq insanları öldürmək, yaxud da kütləvi surətdə şəhərdən sıxışdırmaq planı qururlar: “Lakin həmin vaxt Xoydan bir qızın irəli gələrək tapança ilə iki ermənini öldürməsi ilə döyüş başlayıb. Bununla da Xoy mühasirədən çıxıb. O qızın adı Bala Zərxanım olub. Sonradan Güney Azərbaycanda onun adına mahnı bəstələnib:
Əldə tapança, Bala Zərxanım,
Gəlləm dalınca, Bala Zərxanım.
Bu mahnı indi də Güney Azərbaycanda toylarda oxunur”.
Müsahibimiz qeyd edib ki, ermənilər bəhs edilən dövrdə Səlmas şəhərini də mühasirəyə alıblar: “Ancaq onlar şəhərlərimizin heç birini tam ələ keçirə bilməyiblər. Çünki azərbaycanlılar silahlanaraq müqavimət göstəriblər. Bununla belə, ermənilərin əlində silah çox olub. İngilis və fransızların verdiyi silahlarla bu qətliamları törədiblər. Silahı ingilis və fransızlar verib, əsgəri qüvvə isə İraqdan, ingilislərin göstərişi ilə suryanilər tərəfindən cəlb olunub. Onların bu qanlı cinayətlərinə Osmanlı ordusnun gəlişi ilə son qoyulub. Həmin vaxt Aydın paşanın rəhbərlik etdiyi Osmanlı ordusu Səlmas və Xoyu mühasirəyə alan erməniləri topla vurub. Bununla yanaşı, həmin şəhərdəki insanlar da ermənilərə qarşı hücuma keçib”.
B.Alemdarın sözlərinə görə, Osmanlı ordusunun dəstəyi ilə Səlmas mühasirədən çıxarıldıqdan sonra orada bir məscid tikilir: “Həmçinin, bir yerli mollanı idarəçi olaraq müəyyən ediblər. Hətta həmin vaxt türkçü kəsim tərəfindən “Vətən dili” adlı bir qəzet də nəşr edilməyə başlanıb. Həmçinin, Urmiya və Səlmasda kıçık heyətlə olsa da yerli hökumət qurulub”.