Press "Enter" to skip to content

Kiomərs Heydərinin son açıqlaması qətiyyən qəbul edilməzdir

Dr. Yücel Karauz

Son yeniləmə: 31 Mart 2023 10:30

Dr. Yücel Karauz: Bu, bir ölkənin generalına, xüsusilə də Quru Qoşunları Komandanı olan bir generala yaraşmayan davranış tərzidir

BAYRAQDAR MEDİA – “İran İslam Respublikası Ordusu Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin son açıqlaması qətiyyən qəbul edilməzdir. Onun Azərbaycan torpaqlarında başqa dövlətlərin silahlı ünsürlərinin olduğunu, hətta guya 44 günlük Vətən müharibəsi dövründə İŞİD terrorçularından istifadə edildiyini və həmin terrorçuların hələ də Azərbaycanda olduğunu, bundan başqa İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deməsi çox komik, yalan, iftira və böhtandan başqa bir şey deyildir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Xatırladaq ki, İran generalının bu açıqlamasına Azərbaycan Müdafiə Nazirliyi tərəfindən də sərt cavab verilib.

Təcili: Müdafiə Nazirliyi İrana sərt cavab verdi

Dr. Y.Karauz qeyd edib ki, bu açıqlama ilk növbədə İran tərəfindən həyata keçirilən dezinformasiya siyasətinin və anti-Azərbaycan kampaniyasının davamdır: “Yəni İran tərəfi bu cür dezinformasiya və yalan xarakterli açıqlamalarla dünyada belə bir görüntü yaratmaq istəyir ki, guya Zəngəzur dəhlizinin açılması ilə İran-Ermənistan sərhədi tamamilə bağlanacaq. İran sanki bununla sərhədin dəyişəcəyi, yaxud da sərhədə nəzarətin Azərbaycana keçəcəyinə dair dünyada yanlış təsəvvür yaratmaq istəyir. Lakin, dediyim kimi, bu, tamamilə yalan və böhtandan başqa bir şey deyil. Çünki Zəngəzur dəhlizinin açılması İran-Ermənistan sərhədini dəyişdirməz və Azərbaycanın belə bir niyyəti də yoxdur. Azərbaycan beynəlxalq qanunlar çərçivəsində tanınan ərazisi daxilində sülh və əminamanlıq şəraitində yaşamaq siyasəti həyata keçirir”.

Müsahibimiz, həmçinin, “bu əsilsiz iddianı imperialist şiə hilalı formalaşdırmağa çalışan, bir ucu Yəməndə, bir ucu Suriyada, bir ucu İraqda və s. olan bir ölkənin Quru Qoşunlarının Komandanının dilə gətirməsi çox gülünc bir durumdur. Bu şəxsin iddiasının gülüş doğurmasına səbəb olan başqa bir məqam isə odur ki, Azərbaycanın hansısa kənar döyüşçülərə, hansısa başqa bir ölkənin ordusuna ehtiyacı yoxdur. Çünki Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hansı gücə sahib olduğunu bütün dünyaya nümayiş etdirib. Elə müharibədən sonra ordunun daha da güclənməsi üçün davamlı addımlar atılır. Bunu bilə-bilə belə iftira dolu fikirlər səsləndirmək, əslində, Azərbaycan Ordusunun şanlı zəfərinə kölgə salmaq cəhdidir” deyib.

Türkiyəli generalın sözlərinə görə, K.Heydərinin bu iftira dolu fikirlərində İŞİD adının çəkilməsi heç də təsadüfi deyil: “İran yaxşı bilir ki, Batının İŞİD-ə qarşı çox həssas davranışı var. Ona görə də İranda Quru Qoşunlarının Komandanının dili ilə Azərbaycana dair İŞİD yalanını ortaya atmaqla, Batı ölkələrini də yanlış istiqamətə yönəltmək istəyirlər. Bu, bir ölkənin generalına, xüsusilə də Quru Qoşunları Komandanı olan bir generala yaraşmayan davranış tərzidir. Digər tərəfdən, İran əgər sərhəd məsələsinə bu qədər həssas yanaşırsa, o zaman niyə İran-Azərbaycan sərhədinin 132 kilometrlik hissəsi Ermənistanın işğalı altında olduğu 28 il ərzində səsini çıxarmadı? Niyə Tehran bircə dəfə də olsun Ermənistanı qınayan bəyanat səsləndirmədi? Niyə İran generalları o zaman sadəcə susdular? Təbii ki, suallar çoxdur. Amma o suallara İran tərəfinin səmimi cavab verəcəyinə kimsə inanmır. Çünki İran sadəcə istər həmin dövrdə, istərsə də indi Ermənistanın əsas müttəfiqi kimi mövqe nümayiş etdirir. Özü də bunu təkcə sözdə deyil, əməldə də göstərir. Buna görə də bir daha İranı sakit olmağa, yanlış addımlar atmamağa, yalan və iftira əsaslı fikirlər səsləndirməməyə dəvət edirik”.

Mission News Theme by Compete Themes.