Press "Enter" to skip to content

Azərbaycanda səhiyyə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Yeni Klinikanın fəaliyyəti ilə tanışlıq

Son yeniləmə: 31 Mart 2023 15:31

Almaniyada təhsil alan və çalışan azərbaycanlı həkimlər Yeni Klinikada olublar

BAYRAQDAR MEDİA – Martın 30-da “Facharzt” qrupun təşəbbüsü və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Almaniyada təhsil alan və çalışan bir qrup azərbaycanlı həkimin yerli mütəxəssislərlə görüşü olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 31-də TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Yeni Klinikanın direktor vəzifəsini icra edən, baş həkim Cavid Paşayev, TƏBİB-in Proseslərin optimallaşdırılması və inkişaf şöbəsinin müdiri Ziya Məmmədzadə, Tibb müəssisələrinin kadr idarəetməsi şöbəsinin müdiri Emin Xasıyev,aparatın məsul şəxsləri, Almaniyada çalışan azərbaycanlı həkimlər və Yeni Klinikanın aidiyyəti şöbələrinin rəhbərləri iştirak ediblər.

Məlumata əsasən TƏBİB-in İcraçı direktorunun müavini A.Nəsirov çıxış edərək icbari tibbi sığortanın tətbiq edilməsi ilə Azərbaycanda səhiyyənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirib: “O, vətəndaş məmnunluğunun artırılması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində yerli mütəxəssislərin daima inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Gələcəkdə bu istiqamətdə həyata keçirilən təcrübə mübadiləsinin daha da artırılacağı, xarici ölkələrdə, xüsusilə Almaniyada çalışan azərbaycanlı həkimlərlə koordinasiyalı işin qurulmasının inkişaf etdiriləcəyi vurğulanıb”.

A.Nəsirov Qafqazın ən böyük tibb müəssisəsi olan Yeni Klinikanın müasir standartlara cavab verən avadanlıqlarla təmin edildiyini deyib. O, burada Türkiyə və digər ölkələrdə təhsil almış həkimlərin çalışdığını qeyd edib. A.Nəsirov xaricdə təhsil alan və çalışan həkimlərin ölkə səhiyyəsinə qazandırılmasının TƏBİB-in fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu ifadə edib.

Daha sonra Almaniyada yaşayan həkimlərin adından çıxış edən Cavid Hüseynzadə xaricdə yaşayan azərbaycanlı həkimlərin ölkə səhiyyəsində baş verən yenilikləri hər zaman yaxından izlədiklərini bildirib: “O, hazırda tibb müəssisələrində ixtisaslaşmış kadrların çalışdığını və bunun səhiyyəmizə qısa zamanda böyük uğurlar qatacağına əmin olduğunu qeyd edib. Görüşdə yerli mütəxəssislərlə fikir mübadiləsi də olub”.
Sonda qonaqlar Yeni Klinikanın fəaliyyəti və göstərdiyi tibbi xidmətlərlə yaxından tanış olublar. Tibb müəssisəsinin kardiologiya, pediatriya, radiologiya, terapiya, təcili tibbi yardım, reanimasiya, urologiya, ginekologiya və digər şöbələrinə baxış keçirilib.

Mission News Theme by Compete Themes.