BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya martın 31-də MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “sərgidə bu gün ilə bağlı MEK-in fondlarında olan “Azərbaycan xalqına qarşı 1918-ci il Mart Soyqırımı. Azərbaycan tarixi: ilk mənbələr” adlı üç cilddə sənədlər toplusu, “Ermənilər və həqiqətlər”, “Soyqırımı tarixinin dastanı”, “Soyqırım. Nahaq qan yerdə qalmaz”, “Azəri soyqırımı”, “Tarixi adlara qarşı soyqırım”, “Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq”, “1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı”, “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım”, “Soyqırım cinayəti” beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər, şərhlər toplusu və digər kitablar təqdim edilib”.
Nəşrlərdə ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri dəhşətli qırğınlardan bəhs edən çoxsaylı arxiv sənədləri və materiallar toplanıb. Eləcə də kitablarda XX yüzillik ərzində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və separatizm tarixi obyektiv təhlil edilib.
Qeyd edək ki, MEK tərəfindən oxuculara ənənəvi ilə yanaşı, virtual sərgi də təqdim edilib.