BAYRAQDAR MEDİA – “Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb”.
Bu sözlər Müdafiə Nazirliyindən martın 30-da BAYRAQDAR MEDİA-ya daxil olan xəbərdəndir.
Göründüyü kimi, Azərbaycan dövləti təcavüzkar Ermənistana və onun havadarlarına güzəşt limitini başa vurub. Qeyd olunan ərazi sadəcə nəzarətsiz qalmışdı. Lakin ermənilər o yollardan istifadə edərək Azərbaycan ərazisinə qanunsuz daşımalar həyata keçirirdi. Üstəlik də bu işdə onlara Rusiya “sülhməramlılar”ı kömək edirdi. Azərbaycanın bu addımı atması son zərurətdən irəli gəlir.
Eyni zamanda onu da qeyd edək ki, yaxın vaxtlarda Zabux kəndinə keçmiş məcburi köçkünlərin geri qayıtması təmin ediləcək. Bu baxımdan da qeyd olunan ərazinin və yolların, yüksəkliklərin etibarlı nəzarətdə olması zərurəti var. Belə anlaşılır ki, Azərbaycan dövləti sakinləri öz yurdlarına qaytarmazdan öncə onların təhlükəsizliyini təmin etməyin qayğısına qalır.