BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında müəllifi Əhməd Cavad olan bir zamanlar Dərsəadət adlanan İstanbul şəhərində Hicri təqvimi ilə 1330-cu ildə ərəb əlifbası ilə Osmanlı türkcəsində nəşr olunmuş “Haram yeyicilik: Fəlakətlərimizin əsbabı (səbəbləri)” kitabı da var.
Kitabda XX əsrin ilk onilliyində Osmanlı İmperiyasının böyük dövlətlərlə mücadiləsində görülməsi lazım olan tədbirlərdən bəhs edilir, İmperiyanın məruz qaldığı fəlakətlərin səbəbləri izah olunur. Nəşrdə vətəni həmin təhlükələrdən xilas etmək üçün ilk növbədə öz nəfsimizi tərbiyə etməyin mühüm olduğu bildirilir. Həmçinin vətənin mühafizəsi və tərəqqisi üçün əsas nicat yolunun vətənpərvər olub ümməti-vətəni fikirləşmək, vətən üçün çalışmaq lazım olduğu qeyd olunur. Bu yöndə kitabda nəsihətamiz fikirlər çoxdur.
“İnsan bu zamanda yalnız kəndi həyatı, özünü və ailəsini, övladını düşünməklə mükəlləf deyildir; bunlarla bərabər, hətta bunlardan əqdəm Vətənin məruz bulunduğu təhlükəni düşünmək məcburiyyətindədir. Nərədə əfrad yalnız kəndilərini, əqraba və müntəsiblərini düşünərək həyatlarını ona görə idarə etmək istəsələr, bundan başqa əndişəsi, qayğısı olmazsa, daha açıq təbirlə, əfrade-vətəni, mənafeyi-vətəni düşünməzsə orada mədəniyyət, tərəqqi və istiqlal olmaz. Çünki yalnız nəfslərini düşünən insanlar hər dürlü hiylələrdən, hər dürlü irtikablardan, sui-isti’mallardan (sui-istifadə) çəkinməzlər. Hiylə, irtikab, sui-isti’mal insanları çalışmaqdan, cəhd və qayrətdən uzaqlaşdırır. Çalışmaq, ciddi fəaliyyət, dəvami cəhd və qayret olmazsa da mədəniyyət və tərəqqi olmaz; Bir az yuxarıda sadaladığım mədəniyyət də olmazsa istiqlal və hürriyəti-Vətəniyyə və milliyyə qalmaz”.
Qeyd edək ki, kitab MEK-in Şərq ədəbiyyatı fondunda qorunan əsərlər sırasındadır.