Press "Enter" to skip to content

Azərbaycan səfiri Özbəkistan Kinematoqrafiya Agentliyində

Ziyarətdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan səfiri Hüseyn Quliyev Özbəkistan Kinematoqrafiya Agentliyində olub, qurumun rəhbəri Firdavs Abduhalikovla görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya martın 30-da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən daxil olub.

Xəbərdə bildirilib ki, “görüşdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu Daşkənd filialının direktoru Eldor Yuldashev, Agentlik yanında Beynəlxalq münasibətlər şöbəsinin müdiri Sayera Xudayberdiyeva, Özbəkistandakı Heydər Əliyev adına AMM-nin direktoru, səfirliyin birinci katibi Samir Abbasov və başqa qonaqlar iştirak ediblər. Görüş zamanı ÖKA-nin baş direktoru Firdavs Abduhalikov Azərbaycanla kino sahəsində əməkdaşlığa daim böyük önəm verdiklərini qeyd edərək Özbəkistanda kino sahəsində həyata keçirilən işlər və islahatlardan danışıb. O, 2021-ci ildə ölkə Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistanda “Sülh, maarifçilik və tərəqqi naminə” devizi altında 1968-ci ildə keçirilmiş Daşkənd Beynəlxalq Kino Festivalının bərpa edildiyini vurğulayıb. 2022-ci ildə “İpək yolunun incisi” adlı Daşkənd Beynəlxalq Kino Festivalında 40 xarici ölkədən 400 kinematoqrafçı və 1 min 500-dən çox tələbənin iştirak etdiyini, 2023-cü ildə isə keçiriləcək XV Beynəlxalq Daşkənd Film Festivalı yubiley tədbirinin daha geniş səviyyədə təşkilinin planlaşdırıldığını qeyd edib. O, həmçinin, həm Özbəkistanda Azərbaycan kino günləri, həm də Azərbaycanda Özbəkistan kino günlərinin uğurla keçdiyini vurğulayaraq gələcəkdə daha sıx əməkdaşlıq üçün yaxşı imkan yarandığını söyləyib. Firdavs Abduhalikov eləcə də iki ölkənin kino fondlarının əməkdaşlığının uzun tarixə malik olduğunu və son illərdə daha sıx əməkdaşlıq etdiklərini qeyd edib”.

Daha sonra xəbərdə, “Azərbaycan səfiri Hüseyn Quliyev bildirib ki, Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxsahəli əməkdaşlıq münasibətləri bütün istiqamətlər üzrə dinamik inkişaf edir, dövlət başçılarının qarşılıqlı səfərləri, çoxsaylı imzalanmış sənədlər buna gözəl əsas yaradır. O, kino sahəsində də əməkdaşlığın mühüm və vacib olduğunu vurğulayaraq ötən illərdə bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Səfir yaranmış imkanlardan geniş istifadə edərək gələcəkdə səfirlik tərəfindən birgə layihələrin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu ifadə edib” deyə qeyd olunub.

Tərəflər cari ilin sentyabr ayında Azərbaycan kinematoqrafçılarının Özbəkistanda keçiriləcək XV Beynəlxalq Daşkənd Kino Festivalında iştirakının təmin edilməsi, Festivala təqdim olunacaq Azərbaycan filmlərinin dublyajı, retro filmlərin nümayişi, Festival çərçivəsində “Azərbaycan kino günləri”nin keçirilməsi, qarşılıqlı olaraq hər iki ölkənin televiziya kanallarında qarşı tərəfin bədii filmlərinin nümayişi, filmlərin qarşılıqlı mübadiləsi, Bakıda “Özbəkistan kino günləri”nin təşkili məsələləri, birgə layihələrin həyata keçirilməsi, habelə ötən il Bakıda keçirilən “Özbəkistan kino günləri”ndə nümayiş etdirilən “Əbədi dostluq və qardaşlıq” sənədli filminin ikinci hissəsinin çəkilişinə dəstək barədə razılığa gəliblər.

Xəbərdə həmçinin bildirilib ki, “qonaqlar üçün “Özbəkfilm” pavilyonlarına xüsusi ekskursiya təşkil olunub. Qonaqlar son illər yaradılan şərait, “Özbəkfilm” üçün təşkil olunan dekorasiya və avadanlıqlarla tanış olublar”.

Görüşün sonunda ÖKA-nin baş direktoru Firdavs Abduhalikov Hüseyn Quliyevə “Özbəkistan kinematoqrafiyası” adlı kitabı, Hüseyn Quliyev isə Agentliyin direktoruna “Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.

Mission News Theme by Compete Themes.