Son yeniləmə: 29 Mart 2023 15:57
Lamiyə İSAZADƏ – “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri
BAYRAQDAR MEDİA – Hər bir uşaq xalqımızın gələcəyi, cəmiyyətimizin sabahıdır. Uşaq hüquqlarının qorunmasında məsuliyyət ilk növbədə valideynin üzərinə düşürsə, bu o demək deyil ki, bəzi dövlət qurumları, bəzi məhkəmələr, eləcə də bu dövlətin əksər vətəndaşları bu məsuliyyətdən azad olmalıdır.
Ölkəmizdə doğulan hər bir uşağın hüququnu qorumaq ilk növbədə bizim vətəndaşlıq borcumuzdur.
Bildiyimiz kimi, Azərbaycanda uşaqlarla bağlı yeni siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” qanun qəbul edilmişdir. Bu gün bu qanunun icrası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Lakin, bütün bunlara baxmayaraq bu gün bəzi məhkəmələr, daha dəqiq desək, bəzi hakimlər ədalətin bərpası üçün heç bir mühüm addım atmır, əksinə, bəzi cinayət hadisələrində olduqca ədalətsiz qərarlar qəbul edərək xalqın məhkəmə-hüquq sisteminə inamını azaldırlar.
Deyilənlərə misal olaraq, ötən ilin avqustunda Bərdə rayonunun Kətəlparaq kəndində 14 yaşlı qıza cinsi zorakılıq etmiş şəxslərin məhkəməsi dünən, 28 mart tarixində başa çatıb. Yetkinlik yaşına çatmayan qızı hədələyərək və görüntülərini yaymaqla şantaj edərək onunla cinsi əlaqədə olan 3 nəfərə hökm oxunub. Kənd sakinləri olan 2003-cü il təvəllüdlü və 2005-ci il təvəllüdlü digər oğlanlar Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli biliniblər. Onların hər birinə 5 ay müddətinə həbs cəzası verilib.
Yetkinlik yaşına çatmayan uşaqlara, qızlara cinsi zorakılıq edənlərə nə qədər ki, belə yüngül, qısamüddətli həbslər veriləcək, bu təcavüzlərin qarşısını almaq qeyri-mümkün olacaq. Bu cür şəxslər hər kəsin gözü önündə edam olunmalı, onlara ölüm hökmü oxunmalıdır. Əks təqdirdə hər ötən gün bu cür hadisələr təkrarlanacaq.
Hər dəfə bu cür hadisələr baş verəndə təəssüf edirik ki, 25 il əvvəl Azərbaycanda ölüm hökmü ləğv edilib. Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirib, bu tarixi bəyanatın zəruriliyini əsaslandırıb.
Milli Məclis ümummilli liderin ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləyib və 1998-ci il fevralın 10-da bu tarixi qərarı qəbul edib. Bu ali qərardan öz çirkin niyyətləri üçün sui-istifadə edən minlərlə cinayətkar var bu gün ölkəmizdə. Onlar arxayındırlar ki, ölkəmizdə humanizm prinsiplərinə əsaslanan siyasət yürüdülür, onlara ölüm hökmü oxunmayacaq, onları heç bir ağır cəza gözləmir, azyaşlılara etdikləri cinsi zorakılığa görə sadəcə qısamüddətli həbs cəzası alacaqlar.
Ona görə də yetkinlik yaşına çatmayanlara qarşı davamlı olaraq cinsi zorakılıq halları baş verməkdədir.
Biz vətəndaş cəmiyyəti nümayəndəsi olaraq dövlətimizdən uşaqlara, yetkinlik yaşına çatmayan qızlarımıza qarşı bu cür cinayət törətmiş şəxslərin ağır cəza almasını xahiş edirik. O şəxslərə elə ağır cəza, ömürlük həbs verilməlidir ki, digər elə əməllərə meylli olan şəxslər ağır cəza almaqdan, ömürlük həbs olunmaqdan qorxaraq bu cür addım atmaqdan çəkinsinlər.