BAYRAQDAR MEDİA – Paytaxt məktəblərində “Susma, səsini eşitdir!” layihəsi çərçivəsində tədbirlər keçirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində növbəti tədbir 112, 113, 188 və 305 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə olub: “Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Ombudsman Aparatının şöbə müdiri Lamiyə Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Səfərov (Qaraçaylı), Kürdəxanı və Pirşağı qəsəbə bələdiyyə sədrləri və əməkdaşları, məktəb direktorları, müəllim və şagird heyəti iştirak ediblər. Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər”.
Məlumata görə, tədbirdə çıxış edən R.Fərəcova ölkədə məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, məişət zorakılığı qurbanlarının hüquqi müdafiə vasitələri, kompensasiya, tibbi və psixoloji yardımla təmin edilməsi istiqamətində görülən işlərdən danışıb.
BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri G.Qurbanova təhsilə cəlb olunmanın vacibliyi barədə fikirlərini bildirib. O, gender bərabərliyi, təhsildə mövcud olan gender göstəriciləri, qızların təhsili mövzularına toxunub.
Məlumatda daha sonra deyilir: “Tədbirdə çıxış edənlər insan hüquq və azadlıqlarının ali dəyər sayıldığı cəmiyyətimizdə gender bərabərliyinin təmini uğrunda həyata keçirilən layihələr, ölkəmizdə qadın hüquqlarının təminatı və gender probleminin həlli istiqamətində keçirilən silsilə tədbirlərdən söz açıblar. Məktəblilər məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları, qohumlar arasındakı nikah və onların fəsadları mövzuları ilə bağlı hazırladıqları səhnəcikləri nümayiş etdirib, şeir və mahnılar səsləndiriblər. Bakı şəhəri 113 nömrəli tam orta məktəb tərəfindən hazırlanan “Susma, səsini eşitdir!” adlı videoçarx nümayiş olunub. Sonda “Susma, səsini eşitdir!” layihəsi çərçivəsində fəal iştirak edən direktor və şagirdlər Sabunçu rayonunun Kürdəxanı və Pirşağı qəsəbə bələdiyyələri tərəfindən diplom və hədiyyələrlə təltif olunublar”.
O da qeyd edilib ki, layihə çərçivəsində hər ay Sabunçu rayonunun ümumi təhsil məktəblərində tədbirlərin keçirilməsi və insan hüquqları, məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma, bulinq və s. bu kimi mövzularda maarifləndirmə işinin gücləndirilməsi nəzərdə tutulub.