BAYRAQDAR MEDİA – Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya martın 29-da Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “qonaqlar əvvəlcə Hərbi İnstitutun ərazisindəki muzeydə Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olublar. Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazasını ziyarət edib, burada hərbiyyəlilər üçün yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər”.
Daha sonra xəbərdə, “xarici ölkələrin hərbi nümayəndələrinə xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub. Qonaqlara, həmçinin görüşün bədii hissəsində hərbi orkestrin ifa etdiyi musiqi kompozisiyaları ərməğan edilib” deyə qeyd olunur.
Sonda qarşılıqlı hədiyyələr mübadiləsi olub və xatirə fotosu çəkdirilib.