Son yeniləmə: 29 Mart 2023 14:11
Telman Nüsrətoğlu: Daşnaklar 1918-ci ilin martında Güney Azərbaycanın Xoy, Urmiya və digər şəhərlərində də kütləvi qətliamlar törədib, azərbaycanlıları soyqırımına məruz qoyublar
BAYRAQDAR MEDİA – “Məlum olduğu kimi, ermənilər istər Türkmənçay müqaviləsindən sonra gətirlib yerləşdirildikləri Güney Qafqazda, istərsə də Anadolu çoğrafiyasında imperialist qüvvələrin bölgədəki məkrli siyasətinin aləti olaraq istifadə ediliblər. Onlar xüsusilə də Türkiyəyə və Azərbaycana qarşı aparılan siyasətdə alət olaraq istifadə edildilər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu deyib.
Onun sözlərinə görə, türk topraqlarında yerləşdirilən ermənilər mərhələ-mərhələ Azərbaycana və ümumiyyətlə bütün türklərə qarşı diskriminasiya siyasəti həyata keçirdilər: “Türkmənçay müqaviləsindən sonra xüsusilə də Güney Qafqazda məskunlaşan ermənilər Azərbaycana və türklərə qarşı etnik təmizləmə siyasəti həyata keçirdilər. Onu da deyim ki, bu cinayət o taylı, bu taylı Azərbaycanda on minlərlə günahsız soydaşımızın qətlə yetirilməsi ilə nəticələndi. 1905-1907-ci illərdə Bakı quberniyasında, o cümlədən Güney Azərbaycanın şəhərlərində müsəlman-türk qırğınları həyata keçirdi”.
T.Nüsrətoğlu deyib ki, 1918-ci il 31 mart soyqırımı bu qırğınların zirvə nöqtəsi idi: “Həmin vaxt xüsusilə Bakı, Şamaxı, Quba, Zəngəzur qəzası və digər bölgələrdə bolşevik-daşnak çetələri, milliyyətçi erməni silahlı dəstələri müsəlman türklərə qarşı tarixdə bənzərinə az rast gəlinən qəddarlıq, soyqırımı siyasəti həyata keçirdilər. Təsadüfi deyil ki, Bakı işğaldan azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ilk işlərindən biri mart soyqırımını araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası yaratmaq oldu. Özü də bu Komissiya Xarici İşlər Nazirliyinin nəzdində yaradıldı ki, dünya dövlətlərinə də əsl gerçəkliklər çatdırılsın və beynəlxalq aləm ermənilərin əsl simasını görsün. Onu da deyim ki, Komissiya yaradılan zaman beynəlmiləl tərkib formalaşdırıldı ki, bunun ortaya qoyduğu nəticələr dünya ictimaiyyəti tərəfindən də qəbul olunsun. Komissiya öz işini keyfiyyətli şəkildə qurdu. Aparılan təhqiqatlar nəticəsində cinayətlərdə iştirak edən erməni terrorçuları həbs edildi. Lakin çox təəssüf ki, bolşeviklərin aprel işğalından sonra bu işlər yarımçıq qaldı”.
Müsahibimiz həmin qırğınlardan Azərbaycanın Quzeyi ilə yanaşı, Güneyinin də öz nəsibini aldığını bildirib: “Yuxarıda da qeyd etdiyim kimi, həmin vaxt ermənilər tərəfindən Güney Azərbaycanın şəhərlərində müsəlman-türk qırğınları həyata keçirildi. Bu da təsadüfi deyildi. Çünki erməni faşizminin Azərbaycan torpaqlarında, qədim türk yurdlarında yeni erməni dövləti yaratmaq planına əsasən Azərbaycanın Quzeyi ilə yanaşı, Güneyi də azərbaycanlılardan təmizlənməli idi. Buna görə də daşnaklar həmin vaxt Güney Azərbaycanın Xoy, Urmiya və digər şəhərlərində də kütləvi qətliamlar törədib, azərbaycanlıları soyqırımına məruz qoyublar. Həmin vaxt erməni silahlı dəstələrinin Güney Azərbaycanda törətdikləri vəhşiliklərə dair Fransanın və İngiltərənin arxivlərində də yetərincə faktlar, sənədlər var. Bu gün ermənilərin hamisi olan, qondarma “erməni soyqırımı”nı əldə bayraq edən Fransa kimi dövlətlər bilməlidirlər ki, elə özlərinin dövlət arxivlərində erməni vəhşiliklərindən bəhs edən çoxsaylı sənədlər var. Yəni ermənilər soyqırıma məruz qalmayıblar, əksinə, uzun illər təkcə Azərbaycanda deyil, Anadolu coğrafiyasında türk müsəlmanalra qarşı soyqırımları törədiblər”.