BAYRAQDAR MEDİA – “Qərar: Dağıstanın yerli xalqlarının böyük çoxluğunun türk-qumuq dilində danışmasını, bu dili başa düşməsini, dağlıq Dağıstan məktəblərində türk dilinin tədrisinin möhtəşəm nəticələr verdiyini nəzərə alaraq və türk-qumuq dilinin Dağıstanın yerli xalqları arasında tək bir ünsiyyət dili olduğunu qeyd edərək türkcənin Dağıstan Muxtar Sovet Sosialist Respublikasında dövlət dili elan edilməsi məqsədəuyğun və gərəkli sayılsın”.
Bu sözlər düz 100 il öncə qonşu Dağıstanda bütün xalqların başa düşüb danışa biləcəyi ortaq bir dilin dövlət dili kimi qəbul edilməsi müzakirələrinin sonucu gəlinmiş qərardandır.
Göründüyü kimi, qərarda türkcənin Dağıstan xalqları arasında yayğın və başadüşülən olduğu ayrıca vurğulanır. O da qeyd edilir ki, bu dil yerli xalqlar arasında vahid ünsiyyət dili rolunu oynayır.
Təsadüfdürmü? Yaxud da əsassızdırmı?
Əlbəttə, deyil. Tarixdən də bəllidir ki, hələ bu hadisədən də öncə türkcə Dağıstandan da Quzeydə – Qafqazların üstündə belə ortaq ünsiyyət dili olub. Hətta Qafqaz qartalı İmam Şamil özünün müridləri ilə geniş toplantılar keçirəndə hamının başa düşməsi üçün türk dilində danışırmış. Bu, kiminsə uydurması deyil, tarixdir.
Əgər İmam Şamil Dağıstandan da ötə Quzeydə türkcədən ortaq dil kimi istifadəyə zərurət görürdüsə, hazırkı Azərbaycan Respublikası ilə iç-içə olan Dağıstanda türkcə ümumiyyətlə hər kəsin bildiyi, anladığı, hətta məişətdə belə işlətdiyi dil idi. Ona görə də 1923-cü ildə Dağıstanda ortaq dövlət dili müzakirələri zamanı çıxış edənlər birmənalı olaraq türkcənin üzərində dayanıblar.
Düzdür, arxiv materiallarına görə bu dilə qarşı çıxanlar da olub. Amma onların “arqumentləri” heç kimi razı sala bilməyib. Çünki bu adamlar birbaşa Moskvaya bağlı olduqları üçün əhalinin ümumiyyətlə anlamadığı ruscanı ortaq dövlət dili etmək istəyiblər. Əsaslandırma da bu olub ki, “rusca Leninin dilidir, inqilabın dilidir”.
Əlbəttə, az-çox obyektivliyi olan, özəlliklə də milli təəssübkeş kəsim bu rus sevdalılarına ciddi təpki göstərərək Dağıstan əhalisinin birmənalı olaraq bildiyi, qəbul etdiyi türkcəni dövlət dili elan edib.
Eyni gündə, eyni toplantıda əlifba məsələsi də müzakirə edilib. Bildirilib ki, ərəb əlifbası tələbata cavab vermədiyi üçün latın əlifbasına keçmək lazımdır. Bu təklif də birmənalı qarşılanıb və böyük çoxluğun dəstəyi ilə qərara bağlanıb: “Latın şriftinin ərəb şriftindən üstün olduğunu qeyd edərək onun məktəblərdə tətbiqi və xalq arasında populyarlaşdırılması məqsədəuyğun hesab edilsin”.
Bu qərarların qəbul edildiyi toplantı 29 iyun 1923-cü ildə keçirilib. Toplantının sədri Kürinski, katibi isə Timoşenko olub (Mənbə: Dağıstan Vilayət partiya arxivinin sənədləri).
Biz nədən bu məsələni gündəmə gətirmək istədik?
Səbəbsiz deyil.
Hər şeydən öncə diqqət çəkmək istədiyimiz məsələ bu il – 2023-də Dağıstan dövlətinin aldığı bu qərarın 100 illiyinin tamam olmasıdır. Azərbaycanda və türk dünyasında çoxlarının bilmədiyi bu tarixi gerçəyi xatırlatmaqla, əslində, Dağıstanın da bir türk yurdu olduğunu vurğulamaq istərdik. Təbii ki, təbiət etibarı ilə çoxmillətli bir türk yurdu. Çünki burada elə 100 il öncə də, indi də türk olmayan, lakin türklərlə ət və dırnaq qədər yaxın olan xalqlar yaşayıb, yaşayır.
İkinci bir vacib məsələ isə Sovetlərin sonrakı mərhələdə türk dilini Dağıstandan sıxışdırıb yerinə rus dilini yerləşdirməsinə diqqət çəkməkdir. Əgər SSRİ qalsaydı sonrakı mərhələdə Azərbaycanda da eyni proses gedəcəkdi. Şəxsən xatırlayıram, 1980-ci illərdə artıq bu prosesə başlanılmışdı. Sadəcə SSRİ-yə, obrazlı desək, ömür vəfa etmədi və rus imperializmi geri çəkilməli oldu.
Üçüncü vacib məsələ də odur ki, yaxın perspektivdə Quzeydəki şər imperiyası çarlıq Rusiyası və SSRİ kimi tarixə qovuşacaq. Bir çox xalqlar-bölgələr azad-müstəqil dövlətə çevriləcək. O cümlədən də Azərbaycanın tam da sərhədində olan, canı bir, qəlbi bir Dağıstan. Təbii ki, müstəqillikdən sonra Dağıstanın da Azərbaycan kimi rus dilindən imtina prosesi başlayacaq. Amma bu ölkədə Azərbaycandan fərqli olaraq tək bir dili danışan əhali sayının mütləq olmadığını nəzərə alsaq, ortaq dövlət dili problemi yaşana bilər. O baxımdan tarixi xatırlatmaqla türk dilinin – hazırkı qumuqcanın ortaq dövlət dili olması üçün çalışmaların başlanması vacibdir. Yəni elə olmasın ki, birdən Rusiya çöksün, Dağıstan da müstəqilləşsin və dövlət dili problemi ilə üzləşsin.
Və bütün bunlarla bərabər Azərbaycan dövləti də başda olmaqla qardaş Türkiyə və digər türk dövlətləri Dağıstanda türkcənin dövlət dili elan edilməsinin 100 illiyini gərəkli təmtəraqla qeyd etməlidir. Dağıstanın tarixi də, dili də elə bizim – Azərbaycanın və bütün türk dünyasının ortaq tarixinin, ortaq dilinin bir parçasıdır. Sahiblənək.