Press "Enter" to skip to content

Baş verən hadisə “güllələnmə” deyildi…

Azər Həsrət

BAYRAQDAR MEDİA – Martın 28-i axşam deputat Fazil Mustafanın evinin qarşısında terrora məruz qalması cəmiyyətə “güllələnmə” kimi təqdim edilir. Halbuki baş verən hadisənin güllələnmə ilə yaxından-uzaqdan hər hansı əlaqəsi yoxdur.

Sözügedən hadisədə güllədən istifadə edilibmi? Edilib. Çox güman ki, çoxları bunu nəzərə alaraq onu “güllələnmə” kimi təqdim edir.

Lakin bir daha vurğulayırıq ki, bu hadisə “güllələnmə” deyil.

Baş verən hadisə bir terrordur. Bu hadisədə “Kalaşnikov” markalı avtomat silahdan istifadə edilib. Hədəfə – deputata sarı güllələr atılıb. Yayılan rəsmi məlumatlara görə, bu güllələrdən ikisi onun bədəninə dəyib və yaralayıb. Amma hadisənin bu cür cərəyan etməsi, bir daha deyirik, “güllələnmə” kimi təqdim edilə bilməz.

Niyə?

Ona görə ki, “güllələnmə” konkret olaraq məhkəmə hökmüylə kəsilən və bir sıra ölkələrdə hələ də qalmaqda olan ən ağır cəza növüdür. Yəni məhkəmə hansısa şəxsi işlətdiyi əmələ görə ölüm hökmünə məhkum edir. Bəzi ölkələrdə, örnək üçün İranda bu hökm asılma yoluyla icra edilir. Keçmiş SSRİ-də isə ölüm hökmünü güllələnmə yoluyla icra edirdilər.

İndi baxaq, görək Fazil Mustafaya hər hansı məhkəmədə güllələnmə yoluyla ölüm hökmü kəsilibmi? Yaxud da baş vermiş terror hücumunun hansısa məhkəmə hökmünə aidiyyəti varmı?

Təbii ki, yoxdur. O baxımdan da baş vermiş hadisə haqqında danışarkən bunu terror, yaxud da sui-qəsd, silahlı hücum kimi təqdim etmək lazımdır…

DTX: Deputata qarşı baş vermiş terror aktı araşdırılır

Bu arada F.Mustafanın həyati təhlükəsinin olmadığı haqqında verilən rəsmi açıqlama da sevindiricidir. Nə yaxşı ki, terror arxasına sığınanlar öz bəd əməllərini sonadək yerinə yetirə bilmədilər.

F.Mustafaya keçmiş olsun. Tezliklə sağalıb ayağa qalxsın və cəmiyyəti aydınlatmağa qaldığı yerdən davam etsin.

Azərbaycanda terror əsdirmək istəyənlər isə ən qısa müddətdə ədalət mühakiməsi qarşısına çıxarılacaq, buna da heç kimin şübhəsi olmasın.

Mission News Theme by Compete Themes.