Press "Enter" to skip to content

“Azərbaycanı tanıyaq” layihəsinin təqdimatı olub

Mərkəzin ziyarətçiləri

BAYRAQDAR MEDİA – Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkədə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, turizminin tanıdılması və təbliği istiqamətində layihələr və tədbirlər həyata keçirilir. AMM-nin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənd şəhərində fəaliyyət göstərən və verdiyi təhsil səviyyəsinə görə xüsusi fərqlənən, çoxsaylı xarici vətəndaşların təhsil aldığı “British School” beynəlxalq məktəbinin müəllim və şagird kollektivi üçün “Azərbaycanı tanıyaq” layihəsi təqdim edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya martın 29-da sözügedən Mərkəzdən daxil olub.

Xəbərdə deyilir ki, “Daşkənddəki Britaniya məktəbinin müəllim və şagird kollektivi AMM-ni ziyarət edib. Ziyarət zamanı qonaqlara Mərkəzin fəaliyyəti, burada yaradılmış Heydər Əliyev, Azərbaycan tarixi və Azərbaycan-Özbəkistan Dostluq muzeyləri haqqında məlumat verilib. Müəllim və şagirdlər Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, tarixi abidələrini əks etdirən çox sayda guşələr, eksponat və maketlərlə tanış olublar”.

Xəbərdə daha sonra bildirilir ki, “AMM-nin konfrans zalında davam edən tədbirdə sözügedən Mərkəzin direktoru Samir Abbasov çıxış edərək qonaqları baharın gəlişi və milli bayram – Novruz münasibəti ilə təbrik edib. O, Azərbaycan-Özbəkistan dostluğu, Azərbaycanın qazandığı nailiyyətlər haqqında danışıb. Diplomat eləcə də Azərbaycanın qədim yaşayış məskəni Qobustan və Azıx mağarası, zəngin mədəni irsi, tarixi abidələri, füsunkar təbiəti və s. haqqında məlumat verib. Direktor bundan əlavə, Azərbaycan ordusunun rəşadəti, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistanın işğalından azad edilən tarixi şəhər Şuşa haqqında məlumat verərək bu şəhərin yalnız Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət paytaxtı seçildiyini qeyd edib”.

Tədbir iştirakçılarına Mərkəzin layihəsi ilə hazırlanmış “Azərbaycanı kəşf et” adlı sənədli film təqdim edilib. Filmdə müstəqillik illərində Azərbaycanın qazandığı nailiyyətlər, paytaxt Bakı ilə yanaşı Qəbələ, Şəki, Gəncə, Naxçıvan və Şuşanın görməli yerləri, turizm imkanları, tarixi abidələri, mətbəx mədəniyyəti, habelə işğaldan azad olunan ərazilərə mədəniyyətin qayıdışı, keçirilən möhtəşəm tədbirlər əksini tapıb.

Sonda təqdim edilmiş bədii proqramda Mərkəzin rəqs ansamblı milli rəqsləri ifa edib, Özbəkistanın dünyaca məşhur “Özbəyin yoşları” musiqi qrupu və tanınmış saz ustası İlham Abdullayev Azərbaycan musiqilərini səsləndirib.

Mission News Theme by Compete Themes.