Press "Enter" to skip to content

MEK oxucularına yeni daxil olan nəşrləri təqdim edir

Sözügedən kitablar

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasına yeni çapdan çıxan dəyərli nəşrlər daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya martın 28-də MEK-dən verilib.

Xəbərdə deyilir ki, “Akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyində Azərbaycan iqtisadiyyatının əsas göstəricilərinin, ilk növbədə milli gəlir, onun istehsalı, bölgüsü, istehlakı və yığım proporsiyaları, iqtisadiyyatın struktur və səmərəlilik problemlərinin müqayisəli nəticələri verilib. Nəşrin I və II cildləri Azərbaycan iqtisadiyyatının müstəqilliyə qədər olan dövr – 1918-1991-ci illərdə inkişaf məsələlərinə həsr edilən bu zaman kəsiyi haqqında statistik materiallar və arxiv sənədləri əsasında danışılır. Nəşrin III və IV cildlərində ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 1993-2003-cü illərdə respublika iqtisadiyyatında əldə olunan dinamik inkişaf prosesləri konkret istiqamətlər üzrə araşdırılır. Oxuculara təqdim olunan V cilddə “Qarabağ Azərbaycandır! Qarabağ iqtisadiyyatı 100 ildə. Böyük Qayıdış” prioritet istiqamət kimi Qarabağ mövzusu, xüsusilə də regionun son 100 ildə iqtisadi, demoqrafik inkişaf məsələləri ön plana çəkilib”.

Daha sonra xəbərdə, “kitabda nəzər salınan əsas aktual məsələlər Azərbaycan xalqının Vətən müharibəsindəki Qələbə kontekstində təhlil olunur. Daxil olan nəşrlər sırasında “Azərnəşr” tərəfindən buraxılan “İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 124 və 125-ci kitabları var. Kitablarda toplanmış materiallar Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışının və ona verilən suallara cavablarının mətnləri, xaricə səfərləri, yerli və xarici televiziya kanallarına verdiyi müsahibələr toplanıb” deyə bildirilib.

Qeyd edək ki, kitablar tələbələr, tədqiqatçılar, alimlər üçün Azərbaycanın tarixini, ictimai-siyasi vəziyyətini, elmi-mədəni mühitini öyrənmək baxımından dəyərli mənbələrdir.

Mission News Theme by Compete Themes.