Press "Enter" to skip to content

İstedadlı sənət adamlarının “Qarabağnamə”si təqdim ediləcək

Qarabağnamə

BAYRAQDAR MEDİA – Martın 30-da Nizami Kino Mərkəzində “Qarabağnamə” sənədli filminin təqdimatı keçiriləcək.

Xəbəri BAYRAQDAR MEDİA-ya martın 28-də Milli Məclisin Mədəniyyət komitəsindən veriblər.

Qeyd edilir ki, film Xalq rəssamı Arif Hüseynovun tarixi yaddaşa həsr etdiyi əsərləri əsasında istedadlı rejissor Elnurə Kazımova tərəfindən çəkilib.

Xəbərdə deyilir ki, film tarixi gerçəklərin bədii təsviri, rəssamın ürək yanğısı, dərin idrak və vətənpərvər ruhla yaradılan əsərlərin ən ümumi adı – ünvanıdır.

“Qarabağnamə”lərdə Azərbaycan tarixi rəssamın fırçasından keçərək çağdaş dövrdə canlanır və gələcəyə yol göstərir. Film boyu həmsöhbət və bələdçi “Qarabağnamə”nin müəllifi Arif Hüseynovun özüdür.

Vurğulanır ki, “öz üslubu ilə seçilən rejissor Elnurə Kazımovanın orijinal kompozisiyaya malik yeni ekran əsəri olan “Qarabağnamə” sənədli filmi faktların kino dili ilə ifadəsidir”.

O da bildirilir ki, filmin təqdimatı ilə bərabər sənət adamları ilə görüş keçiriləcək, müzakirələr aparılacaq.

Əlavə edək ki, saat 19.00-da başlayacaq təqdimata giriş sərbəstdir.

Onu da bildirək ki, təşəbbüs Milli Məclisin Mədəniyyət komitəsi ilə yanaşı Mədəniyyət Nazirliyi, AzTV, Nizami Kino Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzi tərəfindən himayə edilir.

Mission News Theme by Compete Themes.