Son yeniləmə: 28 Mart 2023 09:06
Bulut Alemdar: Fars-molla rejimi unutmasın ki, Güney Azərbaycan ayaqdadır və Quzeyə qarşı hər hansı addıma sərt reaksiya verəcək
BAYRAQDAR MEDİA – “Öncə onu deyim ki, İran, əslində, Azərbaycana hər zaman düşmənçilik edib. Bu düşmənçiliyin kökündə də hansı səbəblərin yatdığı hər kəsə bəllidir. İran, bu ölkəni idarə edən fars-molla rejimi Azərbaycanın müstəqil dövlət olmasını başından bəri həzm edə bilmir. Mən bu kontekstdə bir faktı xatırlatmaq istəyirəm. Hələ 1989-cu ildə İranın o zamankı xarici işlər naziri Əli Əkbər Vilayəti Moskvada mətbuata müsahibəsində, “biz Azərbaycanın müstəqilliyini istəmirik və Azərbaycan müstəqillik elan edərsə, onu tanımayacağıq” demişdi. Lakin sonra beynəlxalq şərtlər elə gətirdi ki, İran Azərbaycanın müstəqilliyini tanımaq məcburiyyətində qaldı. Bununla belə fars-molla rejimi düşmən xislətindən əl çəkmədi və bu gün də Azərbaycana eyni mövqe sərgiləyir”.
Bunu İranın Azərbaycan sərhədinə yenidən qoşun yığmasını və fars-molla rejimi təmsilçilərinin bəzi sərsəm bəyanatlarını BAYRAQDAR MEDİA üçün şərh edən Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Mərkəzi Şura üzvü Bulut Alemdar deyib.
Onun sözlərinə görə, İranın işğalçı Ermənistanla işbirliyi, Birinci və İkinci Qarabağ müharibəsində işğalçılara dəstək verməsi də fars-molla rejiminin düşmən xislətindən irəli gəlir: “Yəni İran əlindən gəldiyi qədər Azərbaycana düşmən münasibət sərgiləyir, zərər yetirmək istəyir. Ona görə hazırda da çeşidli bəhanələrlə Azərbaycana təzyiq etməyə çalışır. Ancaq bütün bu cəhdlər əbəsdir. İran bu cür addımları ilə, əslində, odla oynayır. Fars-molla rejimi unutmasın ki, Güney Azərbaycan ayaqdadır və Quzeyə qarşı hər hansı addıma sərt reaksiya verəcək”.
İranın Azərbaycana hərbi müdaxilə etmək istəyinə gəlincə, B.Alemdar deyib: “Biz İranın hərbi gücünə, nəyə qadir olduğuna yaxşı bələdik. Elə zaman-zaman keçirilən təlimlər də İran ordusunun hansı vəziyyətdə olduğunu ortaya çıxarır. Məhz buna görə də İranın belə bir addımı atacağını güman etmirəm. Fars-molla rejimi yaxşı bilir ki, bu cür ağılsız addım ona baha başa gələ bilər. Çünki bu zaman İran qarşısında güclü Azərbaycan ordusunu və həmçinin, güclü Türkiyə ordusunu görəcək. Fras-molla rejimini Azərbaycana hərbi müdaxiləyə səsləyən bəzi sərsəm siyasətçilərə də xatırlatmaq istəyirəm ki, Şuşa Bəyannaməsinə əsasən Azərbaycan və Türkiyə rəsmən hərbi müttəfiqdir. Bu isə o deməkdir ki, Azərbaycana qarşı bir güllə belə atacaq İran, yaxud başqa bir ölkə qarşısında həm də Türkiyəni görəcək. Digər tərəfdən, yuxarıda da qeyd etdiyim kimi, bu gün Güney Azərbaycanlılar Azərbaycanın, türk dünyasının milli maraqları naminə fars-molla rejiminə lazım olan müqaviməti göstərməyə, bu yolda hətta şəhid olmağa da hazırdırlar. Güney Azərbaycan təşkilatları da hər zaman hazırdırlar. Əgər İran belə bir cəhd edərsə, od içində boğular”.
Müsahibimiz əlavə edib ki, İran tərəfindən Azərbaycana hazırda yeganə təhlükə daxili işlərə müdaxilə ola bilər: “Biz bilirik ki, İran zaman-zaman öz agentləri tərəfindən müxtəlif müsəlman ölkələrində iğtişaşlar, terror aksiyaları, bəzən də çevrilişlər törədib. Yəni bu cür qanlı əməllər fars-molla rejiminin mahiyyətindən irəli gəlir. Heç şübhəsiz, İran Azərbaycanda da belə cəhdlər etmək istəyir. Ancaq bunun da qarşısını almaq üçün Azərbaycanın müvafiq qurumları gərəkli addımları atır və bundan sonra da atacaqlar”.