BAYRAQDAR MEDİA – İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib. Yayım Şurasının sədri, akademik Muxtar İmanov giriş sözündə bildirib ki, gündəlikdə ştat cədvəlində dəyişiklik edilməsi barədə məsələ və Şirkətin 2022-ci il üzrə maliyyə hesabatının müzakirəsi nəzərdə tutulub.
Xəbər BAYRAQDAR MEDİA-ya martın 28-də İTV-dən daxil olub.
“Şirkətin baş direktoru Balakişi Qasımov ştat cədvəlində dəyişiklik edilməsi zərurətindən danışaraq bildirib ki, iş əmsalının daha da yüksəldilməsi məqsədilə Kommersiya departamentinin marketinq üzrə meneceri Fərid Əhmədovun həmin departamentin direktoru təyin olunmasına baxıla bilər. Sonra Fərid Əhmədov namizədliyi irəli sürülən vəzifədə görüləcək işlər haqqında danışıb, gələcək planlarını təqdim edib. Müzakirələrdən sonra onun Kommersiya departamentinin direktoru təyin olunması barədə qərar qəbul edilib”, – deyə xəbərdə bildirilir.
O da bildirilir ki, “Şirkətin 2022-ci il üzrə maliyyə hesabatı müzakirə edilib. Maliyyə və mühasibat uçotu departamentinin direktoru Əfsər Dadaşov hesabat barədə danışıb, Şirkətin gəlir və xərclərindən bəhs edib. Müzakirələr zamanı çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Vüqar Zeynalov, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova öz fikir və təkliflərini səsləndiriblər. Şura üzvlərinin müvafiq sualları cavablandırılıb. Hesabat qənaətbəxş qiymətləndirilib”.