BAYRAQDAR MEDİA – 1991-ci il martın 28-də Səddam Hüseyn rejimi tərəfindən İraqın Altunköprü qəsəbəsində törədilən türkmən soyqırımının 32-ci ildönümüdür.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, düz 32 il əvvəl aralarında yaşlı və uşaqların da olduğu 102 İraq türkməni Altunköprü rayonunda Səddam rejiminin qüvvələri tərəfindən qətlə yetirilib.
Məlumatda deyilir ki, birinci Körfəz müharibəsi zamanı İraqda baş verən qarışıqlıq səbəbindən ölkədə kürd və şiə qruplaşmalar üsyan edib. Həmin vaxt peşmərgə qüvvələri Kərkükü nəzarət altına almağa çalışıb. Lakin İraq ordusu bu üsyanı yatırmaq üçün Kərkük üzərinə yürüşə başlayanda peşmərgələr geri çəkilib. Səddam rejiminə bağlı İraq ordusu isə peşmərgə tapa bilməyəndə, qiyam da etməyən türkmənlərə qarşı qondarma qisas kampaniyasına başlayıb.
Beləliklə, Kərkük, Təzəhurmatu və Altunköprü qəsəbələrindən tutulan 102 türkməni Altunköprü yaxınlığındakı Dibis Kayabaşı məhəlləsinə aparan Səddam qüvvələri onları qətlə yetirib: “Həmin vaxt şəhid olan türkmənlərdən 55-i Kərkük şəhər mərkəzindən, 15-i Təzəhurmatudan, 32-si Altunköprüdən, 13-ü isə naməlum türkmən bölgələrindən gətirilib. Şəhid olan türkmənlərdən 25-i 18 yaşından kiçik olub. Şəhidlərdən Cəmil Süleyman Abbasın 8, digəri Kemal Sabır Əhmədin isə cəmi 10 yaşı olub”.