Press "Enter" to skip to content

ABŞ danışıqlar prosesinə dəstək verməyə hazırdır

Ceyhun Bayramov və Karen Donfrid

Son yeniləmə: 28 Mart 2023 08:16

Ceyhun Bayramov və Karen Donfrid arasında telefon danışığı olub

BAYRAQDAR MEDİA – Martın 27-də xarici işlər naziri Ceyhun Bayramov və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə ediblər.

Bildirilib ki, nazir C.Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Azərbaycanın suveren ərazilərinə şəxsi heyət və hərbi sursat daşımaqda davam edən Ermənistanın son təxribatları və ölkəmiz tərəfindən bu təxribatlara qarşı güc tətbiq etmədən atılan addımlar barədə məlumat verib: “Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun başlanğıcında Azərbaycanla Ermənistan arasında sərhəd-keçid nəzarət məntəqəsinin yaradılmasının əhəmiyyəti bir daha qeyd olunub. Nazir həmçinin sülh sazişi üzrə danışıqlara maneçilik törədən Ermənistanın qeyri-konstruktiv yanaşmalarını diqqətə çatdıraraq, Azərbaycanın sülh sazişi üzrə danışıqlara hər an başlamağa hazır olduğunu vurğulayıb”.

Öz növbəsində K.Donfrid Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb: “Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə edilərək bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib”.

Nazir C.Bayramov telefon danışığının sonunda yaxın vaxtlarda hazırkı vəzifəsini tərk edəcək K.Donfridə gələcək fəaliyyətində uğurlar arzu edib.

Mission News Theme by Compete Themes.