BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) Milli Mətbuat Günü münasibətilə “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında müsabiqə elan edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 27-də DİM-dən məlumat verilib.
Bildirilib ki, müsabiqə elan olunan günədək azı bir il müddətində kütləvi informasiya vasitələrində (televiziya, qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Qeyd edilib ki, müsabiqədə qaliblər üçün aşağıdakı mükafatlandırma nəzərdə tutulub: “I yer – 1 nəfər – 1000 manat, II yer – 1 nəfər – 800 manat və III yer – 3 nəfər – 500 manat. Qaliblərin adları iyulun 20-də açıqlanacaq”.
Məlumata əsasən müsabiqəyə təqdim olunmuş materiallarda aşağıdakılara üstünlük veriləcək:
– materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə;
– analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
– faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
– ifadə vasitələrinin zənginliyinə;
– oxucu üçün informasiyalılıq dərəcəsinə;
– müəllifin obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyətinə;
– qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Qeyd edilib ki, müsabiqəyə iyunun 30-dək televiziya, qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında yayımlanan yazı və ya videomateriallar buraxılacaq: “Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən), videomateriallar isə 20 dəqiqədən çox olmamalıdır. Materiallar “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda təşkil etdiyi müsabiqəyə təqdim olunur” epiqrafı ilə yayımlanmalıdır. Yazının və ya videomaterialın müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı kütləvi informasiya vasitəsində yayımlanmaya da bilər”.
Müsabiqə üçün aşağıda qeyd olunan sənəd və materiallar mövzu hissəsinə “Müsabiqə üçün təqdim olunur” qeyd edilməklə press@dim.gov.az elektron poçt ünvanına göndərilməlidir:
– müsabiqə üçün təqdim edilən yazı və ya videomaterial;
– müəllifin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;
– müəllifin şəxsiyyət vəsiqəsinin surəti;
– müəllifin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
– materialın yayımlandığı qəzet və jurnalın 1 nüsxəsi;
– material elektron media resursunda yayımlandığı halda, bunu təsdiqləyən link.
O da qeyd edilib ki, müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək: “Müsabiqə üçün yazı və ya videomaterialın hazırlanması məqsədilə DİM-in fəaliyyəti, o cümlədən qapalı iş rejimində (bunker) işin təşkili ilə yaxından tanış olmaq istəyən müəlliflərə müraciətləri əsasında müvafiq şərait yaradılacaq. Əlavə məlumat üçün əlaqə vasitələri:
Telefon: (+99412) 310 53 16 (daxili 1117)
E-mail: press@dim.gov.az”.