BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “İdmansevərlər!” layihəsinə başlanılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 27-də qurumdan məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində ümumi təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə müsabiqə, yarış və turnirlərin, “Kim sevirsə idmanı” adlı rəsm sərgilərinin, fiziki tərbiyə müəllimləri ilə birgə fləşmobların keçirilməsi nəzərdə tutulur: “Eyni zamanda layihə çərçivəsində idmanın müxtəlif növləri üzrə nailiyyəti olan məzun idmançılarla görüşlər təşkil ediləcək, milli idman növlərinin tarixi haqqında şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici videosüjetlər nümayiş olunacaq. Layihə çərçivəsində digər ölkələrlə idman sahəsində dostluq əlaqələrinə dair görüşlərin keçirilməsi də nəzərdə tutulur”.
Həmçinin ümumi təhsil müəssisələrində sağlam həyat tərzi ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlərin təşkili də planlaşdırılır.