Press "Enter" to skip to content

Düşünülmüş və planlaşdırlımış təxribat

Dr. Yücel Karauz

Son yeniləmə: 27 Mart 2023 11:37

Dr. Yücel Karauz: Bu çirkin hücum, əslində, Batı dünyasında min il öncəki xaçlı ruhunun, səlib yürüşləri ruhunun davam etdiyini təsdiqləyir

BAYRAQDAR MEDIA – “Danimarkada Türkiyə səfirliyinin önündə İslam dininin müqəddəs kitabı Quran və Türkiyə bayrağı yandırıldı. Bu yandırılma, vəhşilik Danimarka polisinin mühafizəsi altında gerçəkləşdirildi. Polisin Danimarka dövlətini təmisl edən bir qurum olduğunu nəzərə alsaq, deməli bu vəhşilik elə Danimarka dövlətinin himayəsi altında həyata keçirilib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Xatırladaq ki, bir neçə gün öncə Danimarkalı siyasətçi, ifrat sağçı, İslama qarşı düşmənçiliyilə tanınan Rasmus Paludan Kopenhagendəki Türkiyə səfirliyinin önündə yenidən Quranı və Türkiyə bayrağını yandıraraq ölkəni hədəfə alıb.

Türkiyəli general bildirib ki, bu cinayətin törədilməsi üçün seçilən zaman da diqqətdən qaçmamalıdır: “Çünki İslam dünyasında müqəddəs ay kimi qəbul edilən Ramazan başlayıb. R.Paludan da öz çirkin cinayətini məhz İslam dünyasında on bir ayın sultanı kimi qəbul edilən Ramazanın başlandığı günlərdə törədib. Qurana və Türkiyə bayrağına edilən bu çirkin hücum, əslində, Batı dünyasında min il öncəki xaçlı ruhunun, səlib yürüşləri ruhunun davam etdiyini təsdiqləyir. Bəlli olduğu kimi, islamiyyət yarandıqdan və inkişaf etdikdən sonra xaçlılar İslam dünyasını yox etmək üçün səlib yürüşünə çıxmışdılar. Onlar bu məqsədlə 8 dəfə Anadoluya və Orta Doğuya səlib yürüşü etdilər. Yəni istər ilin əvvəlində İsveçdə yaşanan olaylar, istər sayın Recep Tayyip Erdoğanın maketinin İsveçdə yandırılması, istərsə də bu günlərdə Danimarkada İslam dünyasına və Türkiyəyə qarşı atılan təhqiramiz addım qəbuledilməz bir davranışdır”.

Dr. Y.Karauz bunun düşünülmüş və planlaşdırılmış bir təxribat olduğunu deyib: “Təəssüflər olsun ki, gecə-gündüz “radikal İslam” deyə hay-küy salan Batı dünyası dövlətin polisinin mühafizəsi altında edilən bu cinayətə susqun yanaşır. Əslində, bu cür cinayətkar addımla Batı dünyası müsəlmanları radikal addımlara təhrik etmək istəyir. Ümumiyyətlə, hesab edirəm ki, Avropanın hər bir ölkəsində milyonlarla müsəlmanın yaşadığı, İsveç və Finlandiyanın NATO-ya üzvülüyü istiqamətində addımların atıldığı bir dövrdə bu cinayəti törədənlər öz qaranlıq planlarını reallaşdırmaq, yəni dünyada dinlərarası bir qarşıdurma yaratmaq istəyirlər”.

Mission News Theme by Compete Themes.