Məcid Cavadi: Bu gün bölgənin gələcəyinə dair hansısa siyasət barədə düşünən xarici güclər də Güney Azərbaycan faktorunu nəzərə almalı və bununla hesablaşmalıdırlar
BAYRAQDAR MEDİA – “Martın 25-də Brüsseldə “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı ilə yürüş-mitinq keçirildi. O aksiyada Azərbaycanın həm Güneyindən, həm də Quzeyindən olan ümumilikdə beş yüzə yaxın azərbaycanlı iştirak edirdi. Bundan başqa bu yürüşdə İrandakı Qaşqay türklərinin nümayəndələri və İran ərəbləri də iştirak edirdi”.
Bunu Brüssel aksiyasını BAYRAQDAR MEDİA üçün dəyərləndirən Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
Onun sözlərinə görə yürüş-mitinq ümumilikdə uğurlu keçib və təşkilatçılar hədəflərinə nail olublar: “Bu bizim üçün tarixi bir gün oldu. Mitinqin təşkilatçılığı də müsbət mənada fərqləndi. Bu aksiya ilə Güney Azərbaycanın hüquqlarına dair İranın faşist fars-molla rejiminə açıq bir mesaj verildi. Həmçinin İranın mövcud rejiminin Quzey Azərbaycana qarşı apardığı təhdidkar siyasətə də qəti etiraz edildi. Aksiya iştirakçıları fars-molla rejiminin son aylarda Güney Azərbaycanda apardığı repressiya siyasətini qəti şəkildə qınamaqla yanaşı, rəsmi Tehrandan bu faşist siyasətə son qoyulmasını tələb etdilər”.
M.Cavadinin sözlərinə görə, aksiyanın sonunda 12 maddəlik tələblərdən ibarət qətnamə qəbul edilib: “Həmin qətnamədə İranın mövcud rejimindən o taylı, bu taylı Azərbaycana qarşı aparılan çirkin, faşist siyasətinə son qoyulması tələb edildi. Onu da deyim ki, aksiya iştirakçıları əllərində bayraqlarla yanaşı Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin portretini də tutmuşdular. Bu da təsadüfi deyil. Çünki Güney Azərbaycan türklərinin hüquqlarını müdafiə edən, bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirən cənab İlham Əliyev bununla da bizim tək olmadığımızı həm fars-molla rejiminin, həm də dünyanın diqqətinə çatdırdı. Elə aksiyada da bu cür qətiyyətli siyasətinə görə cənab İlham Əliyevə təşəkkür ifadə edildi”.
Bu aksiyanın hansı təsir yaradacağına gəlincə, müsahibimiz, “düşünürəm ki, bu yürüş-mitinq Güney Azərbaycanın hüquqları ilə bağlı dünyaya bir mesaj ünvanlamış oldu. Bu həm də istər İranın mövcud faşist rejiminə, istərsə də farsçılığa üstünlük verən bəzi müxalif qüvvələrə mesaj idi. Onlar da gördülər ki, Güney Azərbaycan ayaqdadır. Güney Azərbaycanın haqları uğrunda artıq birlik nümayiş olunur, birlikdə addımlar atılır və bu, davamlı olacaq. Bu gün bölgənin gələcəyinə dair hansısa siyasət barədə düşünən xarici güclər də Güney Azərbaycan faktorunu nəzərə almalı və bununla hesablaşmalıdırlar” dedi.