Press "Enter" to skip to content

AB Şurasının Prezidenti sülh prosesinə təkan verir

Şarl Mişel və İlham Əliyev

BAYRAQDAR MEDİA – Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng edib.

Bu haqda xəbəri martın 25-də Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Danışıq əsnasında “Ş.Mişel 2023-cü il fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşü məmnunluqla xatırlayıb, 2021-ci il dekabrın 14-dən 2022-ci il avqustun 31-dək olan dövr ərzində üçtərəfli formatda keçirilmiş görüşlərdə müzakirə edilmiş müxtəlif məsələlərə toxunub”.

Qeyd edilir ki, Ş.Mişel AB-nin “regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyib. AB Şurasının Prezidenti Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı məsələlərə toxunub və son günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində baş vermiş insidentlərlə əlaqədar narahatlığını ifadə edib”.

“Prezident İlham Əliyev Azərbaycanın Brüssel prosesini dəstəklədiyini bir daha vurğulayıb. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərəfindən silah-sursat və şəxsi heyətin daşınması prosesinin hələ də həyata keçirildiyini bildirib”.

“Azərbaycan Prezidenti Ermənistan rəhbərliyinin təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləşdiyi Ermənistan-Azərbaycan dövlət sərhədi istiqamətində Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb və martın 5-də Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni hərbi birləşmələrinin törətdikləri təxribat zamanı 2 hərbi qulluqçumuz şəhid olub. Azərbaycan Prezidenti vurğulayıb ki, bütün bunlar Ermənistanın apardığı təhlükəli siyasətin nəticəsidir.” Bu sözlər də sözügedən xəbərdə yer alıb.

Qeyd edək ki, Ş.Mişel sosial media hesabında Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə telefon söhbət etdiyi haqda paylaşım edib.

Mission News Theme by Compete Themes.