BAYRAQDAR MEDİA – BMT İnsan Haqları Şurasının 52-ci sessiyasında martın 23-dəki çalışmalarımız da effektiv oldu. Müxtəlif tədbirlərdə iştirak etdik. Amma onlardan əsasən ikisi haqqında qısa məlumat vermək istərdik.
Birinci tədbir səhər oldu. ƏRK – İranda Azərbaycanlıların Hüquqlarını Müdafiə Təşkilatının təşkil etdiyi tədbirdə, adından da göründüyü kimi, soydaşlarımızın problemləri müzakirə edildi. Yaxşı haldır ki, bu tədbirə BMT-nin İran üzrə xüsusi məruzəçisi Cavaid Rehman da qatıldı. Çıxış da etdi. Amma təəssüf ki, yenə də daha çox kürdlərin problemlərini qabartmağa çalışdı.
Təbii ki, Təşkilatın sədri Jalə Təbrizi və Maşallah Rəmzi, eləcə də digər Güneyli soydaşlarımız əsas problemlər haqqında yetərincə danışdılar.
Mən də söz aldım, qısa müdaxilə etdim. Bildirdim ki, bir tərəfdə İran, digər tərəfdə də Rusiya dünya sülhünə ciddi təhdid təşkil edir. Ona görə də hər iki dövlət dağılmadıqca onların əsarətində olan xalqlar azadlıq görməyəcək.
İranla bağlı daha bir tədbir günortadan sonra oldu. Yevangelistlər təşkil etmişdi. Çıxışlarda qeyd edildi ki, İran rejimi qeyri-farsları və şiə müsəlman olmayanları daimi basqı altında saxlayır. Hətta xristian bir ər-arvad necə həbs edilmələrindən, başlarına gətirilənlərdən də danışdılar.
Çıxışçılardan biri isə şəkillər göstərərək bu adamların məhz dini inancına görə həbsə atıldığını dedi. Maraqlıdır ki, şəkildəkilərdən ikisi xristian erməni idi.
Hal belə olunca söz alıb yaşananların doğrudan da dəhşətli olduğunu bildirdim. Eyni zamanda əlavə etdim ki, ermənilər bir qayda olaraq İranda çox xoşbəxt olduqlarını deyir. Necə olur ki, onlar da həbsə atılır?
Cavab bu oldu ki, həbsdəki ermənilər təkcə bu iki nəfər deyil, sayları çoxdur. O da bildirildi ki, başqa dindən olanlar öz dini ayinlərini fars dilində icra edə bilməz. Bu, rəsmən yasaqdır. Eyni zamanda başqa dindən olanlar ölkə prezidenti vəzifəsinə də iddia edə bilməz!
Əlbəttə, gün yalnız bu tədbirlərdən ibarət deyildi. Özəlliklə də ümumi müzakirələr yetərincə maraqlı keçirdi. Bu müzakirələr çərçivəsində uyğurların təmsilçisi Dolkun İsa çıxış edərkən Çin rəsmiləri etiraz etdi. Lakin müzakirənin moderatoru qaydaları xatırladaraq Dolkun bəyə çıxış imkanı tanıdı.
Yeri gəlmişkən, Dolkun bəylə söhbətimiz də oldu. Verdiyimiz daimi dəstəyə görə bizə təşəkkür etdi.