Çingiz Göytürk: Kimsə şübhə etməsin ki, Güney Azərbaycan türkləri İrana lazım olan cavabı verəcəklər
BAYRAQDAR MEDİA – “Ötən həftələrdə Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İran arasındakı münasibətlərdə gərginliyin qismən azaldılması, bu müzakirələr sonunda İran rəsmilərinin xarici siyasətdə, özəlliklə də qonşu ölkələrə qarşı münasibətdə dəyişikliyə gediləcəyi haqda bir sıra sönük də olsa fikirləri səsləndirildi. Hətta İranın xarici siyasət aktorlarının rəsmi Bakıyla münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycana yaxın dövlətlərin vasitəçi olmalarını belə xahiş etdiklərinə dair məlumatlar da yayılmışdı”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycandan olan milli fəal, hazırda Finlandiyada yaşayan Çingiz Göytürk bildirib.
İran dərəbəylik üsulları ilə idarə olunan bir dövlətdir
Ç.Göytürkün sözlərinə görə, tam belə bir məqamda İran hərbi hava qüvvələri tərəfindən Azərbaycanın hava sərhədlərinin nümayişkaranə şəkildə pozulması və ardından Azərbaycana qarşı ardı-arası kəsilməyən hədələrin sıralanması baş verdi: “Bu, ilk baxışda təəccüb doğursa da mövzu İran dövləti olduğu üçün heç də təəccüb doğuran məsələ deyildir. Çünki İran dərəbəylik üsulları ilə idarə olunan bir dövlətdir. Bu heç kim üçün sirr deyil ki, İran dövləti bu gün bir-birindən fərqli ideoloji və siyasi baxışları olan və iqtisadi maraqları sürətlə toqquşan qruplaşmalar tərəfindən idarə olunmaqdadır. Dolayısı ilə bu dövlətdə rəsmilərin müxtəlif məsələlərdə bir-birinə zidd, bir-birini inkar edən açıqlamalarına sıx-sıx şahid olmağımızın kökündə yatan səbəb məhz budur. Buradan belə bir nəticə çıxarmaq normaldır ki, hansı səviyyədə, hansı dövlət rəsmisinin səsləndirməsindən asılı olmayaraq, bu dövlətin sözünə, imzasına güvənmək olmaz”.
İran rəsmilərinin ağıl tutulması
Son altı ayda öz vətəndaşlarına qarşı apardığı amansız mübarizədə hər cür vəhşiliyə əl atan İran dövləti və onun güc strukturlarının Azərbaycanı davamlı olaraq hədəfə almasına gəlincə, Ç.Göytürk, deyib: “Əhalisinin 40 faizindən çoxu İranı deyil, məhz Azərbaycan Respublikasını öz dövləti olaraq görən, bütün gücü və potensialını öz milli azadlıq mübarizəsinin hədəfləri üçün birləşdirən və qoruyub saxlaya bilən Azərbaycan türklərindən ibarət olan bir dövlətdə hansısa dövlət rəsmisinin Azərbaycan Respublikasını hədələməsi ağıl tutulmasından başqa bir şey ola bilməz”.
İran rəsmilərinin bu hədəsi sadəcə gülüş doğurur
Müsahibimiz həmçinin, “vətəndaşlarının 70 faizinin İran fars dövlətindən ayrılıb öz milli dövlətlərini yaratmaq üçün milli azadlıq hərəkatına başladığı bir ölkədə bir dövlət rəsmisinin, yaxud da strukturunun qonşu ölkələrə qarşı hədə-qorxu gəlməsi cahil və nadan cəsarəti deyilsə, bəs nədir? Bu gün bütün dünyadan təcrid edilmiş, ağır sanksiyalar altında can verən, ən böyük arxası rusun himayəsindən məhrum olan və Ermənistan kimi cılız bir ölkədən mədət uman bir dövlətin nümayəndəsi Azərbaycana qarşı hədyanlar yağdırarkən bir şeyi unutmamalıdır: onlar unutmamalıdır ki, hədəfə aldıqları cəmi 44 gün içərisində öz torpaqlarını mənfur düşməndən təmizləməyi bacaran, dünya ölkələri və xalqları tərəfindən xüsusi hörmətlə qarşılanan, NATO-nun ikinci ən böyük ordusuna sahib olan Türkiyənin qardaşı və müttəfiqi olan Azərbaycandır. Yəni bütün bunların fonunda İran rəsmilərinin bu hədəsi sadəcə gülüş doğurur” deyib.
Onlar bu dəfə də Azərbaycanın timsalında xarici düşmən obrazı yaratmağa girişiblər
Vurğulanıb ki, əslində, İran rəsmiləri də bütün bunları gözəl bilir və dərk edir: “Sadəcə, İran rəsmilərinin daxili problemləri arxa plana keçirmək, xalqın diqqətini daxili çatışmazlıqlardan yayındırmaq, daxildə qalxan üsyanları səngitmək üçün hər zaman olduğu kimi xarici düşmən obrazına ehtiyacı var. Ona görə də onlar bu dəfə də Azərbaycanın timsalında xarici düşmən obrazı yaratmağa girişiblər. Yəni İran rəsmilərinin Azərbaycana qarşı hədə və bəyanatlarının arxasında duran səbəblərdən biri də məhz budur. Lakin onların bu addımları bumeranq effekti verəcək. Heç şübhəsiz ki, bu təhdidlər və hədə-qorxular Azərbaycanın Güneyindəki milli hərəkatın daha da güclənməsinə, daha da dinamik hal almasına səbəb olur. Güney Azərbaycan İranın Azərbaycana qarşı bu addımından kifayət qədər hiddətlənmiş durumdadır. Kimsə şübhə etməsin ki, Güney Azərbaycan türkləri İrana lazım olan cavabı verəcəklər”.