Press "Enter" to skip to content

İran ən adi insan haqlarını da heçə sayır

Azər Həsrət

Son yeniləmə: 21 Mart 2023 01:49

BAYRAQDAR MEDİA – BMT İnsan Haqları Şurasının 52-ci sessiyası Cenevrədə işinə davam edir. O toplantıda mən də iştirak edirəm. Əvvəlcədən qeydiyyatdan keçib çıxış da hazırlamışdım. İran üzrə xüsusi məruzəçi ilə interaktiv dialoqda adımız da çıxışçılar arasında elan edilmişdi. Amma təəssüflər olsun ki, bizim də olduğumuz siyahıdakı 20 çıxışçıdan yalnız 10-na imkan yaradıldı. Yerdə qalanlar, o cümlədən mən, hətta Amnesty International-ın təmsilçisi çıxış edə bilmədi. Bununla belə bizim çıxışlarımız BMT-də qeydə alınıb və ona görə də öz dilimizə çevirib təqdim edirəm.

İran üzrə xüsusi məruzəçi ilə interaktiv dialoq. 20 mart 2023-cü il. Cenevrə, BMT İnsan Haqları Şurasının 52-ci sessiyası.

Cənab Azər Həsrət

Təəssüf ki, bizim həll edəcəyimiz başqa məsələlər varkən, dünya İranda insan haqları məsələsini müzakirə etməli olur.

İran özünü dünyadan təcrid etmiş şəkildə hər gün insan haqları durumunu daha da pisləşdirir. Ölkədə meydana çıxan əsas problemlərdən biri qeyri-fars vətəndaşlara qarşı dövlət dəstəkli repressiyalardır.

Azərbaycan türkləri ölkə əhalisinin 30-40 faizini təşkil etdikləri halda ana dilindən istifadə və ana dilində məktəblərin yoxluğu da daxil olmaqla ən təməl insan hüquqlarından məhrumdurlar.

İran yer üzündə özünün dini təbiətinə görə vətəndaşlarının təməl insan haqlarını inkar edən yeganə ölkədir.

İslam dini ölkə rəhbərliyi üçün insanları basqı altında saxlamaqdan ötrü bir bəhanədir.

Bu ölkədə qadınlar dünya üçün adi sayılan ən təməl hüquqlarından belə istifadə edə bilmirlər.

İran başqa ölkələrin diplomatik missiyaları üçün də təhlükəlidir. Bu baxımdan 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu qeyd edə bilərik. Bu hücum nəticəsində 1 nəfər mühafizəçi həlak olmuş, ikisi isə yalaranmışdı.

Ən təəccüblüsü isə budur ki, İran rejimi bu əməli törədən şəxsə açıq efir təmin etdi və o, dövlət dəstəkli TV kanallarında bəyanatla çıxış etməkdən məmnun görünürdü.

Daha bir narahatedici fakt: 28 yanvar 2023-cü ildə İran Azərbaycanındakı Xoy şəhərində zəlzələ baş verdikdə dövlət gərəkli yardımı göstərmədi, başqa bölgələrdən yardım etmək istəyən insanları və xarici dövlətləri də əngəllədi.

Təsvir edilən durumu nəzərə alaraq biz bütün müvafiq aktorları bu ölkədə ən təməl insan haqlarını təmin etmək üçün İrana təzyiq etməyə çağırırıq.

Diqqətiniz üçün sağ olun.

Mission News Theme by Compete Themes.