Press "Enter" to skip to content

21 mart: Cenevrədən günün hesabatı – VİDEO

Azər Həsrət Cenevrədə

BAYRAQDAR MEDİA – Cenevrədə BMT İnsan Haqları Şurasının 52-ci sessiyası çərçivəsində tədbirlər davam edir. Martın 20-dən iştirak etməyə başladığım tədbirdə bu gün də yetərincə faydalı fəaliyyətlərim oldu.

Səhər tezdən İranda insan haqlarına həsr edilmiş tədbirə qatıldım. Əsasən dini azlıqların hüquqlarının kobud şəkildə pozulmasından danışıldı. Əlbəttə, bizim üçün də maraqlı mövzu olduğu üçün kənarda qala bilməzdim.

Məruzələr dinlənildi, ekspert rəyləri səsləndi. Sonda bizim də qısa çıxış etmək imkanımız oldu. Az sözlə çox şey deməyə çalışdım. Qeyd etdim ki, İranda istər dini, istərsə də etnik zəmində hüquq pozmaların hamısı mövcud rejimdən qaynaqlanır. Bu rejim islam dinindən fars olmayanları basqı altında tutmaq üçün bəhanə kimi istifadə edir. Onu da vurğuladım ki, İran rejimi din arxasında gizlənərək fars milliyyətçiliyi edir.

Gün ərzində Rusiyanın Ukraynadakı müharibə cinayətlərinin müzakirə edildiyi tədbirə də qatıldım. 44 ölkənin təşkilatçılığı ilə keçirilən tədbirə maraq həddən artıq yüksək idi. Ekspertlər danışdıqdan sonra zaldan yalnız Avropa Birliyi, ABŞ və Böyük Britaniya diplomatlarına söz verildi. Təbii ki, belə bir şəraitdə bizim danışmaq imkanımız yox idi.

Plenar sessiyalardan Suriyada insan haqlarına həsr edilmiş tədbir də maraqlı idi. Orada da iştirak etdim. Yalnız dövlət təmsilçiləri çıxış edirdi. Onların da demək olar ki, hamısı Suriyadakı rejimi yıxıb-sürüyürdü.

Daha bir tədbir İraqda müharibə cinayətlərinə həsr edilmişdi. Sonda söz alıb türkmənlərlə bağlı bir neçə kəlmə deməyi düşünürdüm. Lakin burada da vaxt qıtlığı yaşandı və bizə söz verilmədi.

Günün sonunda yenidən İranda insan haqlarının müzakirəsinə qatıldım. Diqqətimi o çəkdi ki, burada da daha çox kürdlərin hüquqlarından danışılır. Norveçin BMT yanındakı daimi nümayəndəsinin moderatorluq etdiyi tədbirdə hətta rəqəmlər belə şəxsən məni heyrətləndirdi. İranlı insan haqları müdafiəçisi 2022-ci ilin sentyabrından başlanan etirazlarda öldürülənlərin bölgələr üzrə sayını elan edəndə Qərbi Azərbaycanda bu rəqəmin 54 nəfər olduğunu qeyd etdi. Və rəqəmlərdə bunların hamısının kürd olduğu deyilirdi. Təbii ki, buna biganə qala bilməzdim. Ona görə də söz alıb bunun nə ilə bağlı olduğunu soruşdum. Cavab bu oldu ki, sən demə, öldürülənlər Qərbi Azərbaycanın kürdlər yaşayan bölgələrindənmiş…

Və sonda BMT-nin İran üzrə xüsusi məruzəçisi Caveyd Rehmanla ayaqüstü də olsa görüşə bildim. Ona iki gündür İranda insan haqlarından danışıldığı halda türklərin adının belə nə üçün çəkilməməsi ilə bağlı sual verdim. O da qeyd etdi ki, əgər sizdə məlumatlar varsa, bizə göndərin. Yəni diplomatik cavab. Razılaşdıq ki, mən onunla əlaqə saxlayıb məlumat verim.

Ümumilikdə bu gün bir daha əmin oldum ki, biz bu platformada yetərincə işlər görmürük. Boşluqlar çoxdur və işləmək lazımdır. Əlbəttə, mən üzərimə düşəni edirəm və edəcəyəm. amma məsələ tək bir adamla həll ediləcək qədər asan deyil. Özəlliklə də Güney Azərbaycanla bağlı görüləcək işlər həddən artıq çoxdur…

Sonda: Gün ərzində Real TV üçün də İranla bağlı müzakirələr haqqında geniş təsvir göndərdim və efirdə yayımlandı. Mirşahin bu dəfə də operativliyi və milli məsələlərə həssaslığı ilə fərqləndi.

Mission News Theme by Compete Themes.