BAYRAQDAR MEDİA – Azərbaycan xalqının və bütövlükdə türk dcoşünyasının ən əziz bayramı olan Novruz artıq müxtəlif kollektivlərdə qeyd edilir. Bu baxımdan Bakının Binəqədi rayonundakı R.Əliyev adına 3 nömrəli tam orta məktəb də növbəti dəfə fərqlənib.
Sözügedən məktəbdən yanvarın 17-də BAYRAQDAR MEDİA-ya verilən xəbərə görə, bayram öncəsi sonuncu dərs günündə təhsil müəssisəsində geniş bayram tədbiri keçirilib.
Tədbirdə tonqal qalanıb, şagirdlər və müəllimlər tonqal ətrafında rəqs edib, Novruz coşqusu yaşanıb.
“Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən ən qədim bayramdır. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi üçün hər il ölkəmizdə təmtəraqla keçirilir. Şagirdlərin yüksək əxlaqi dəyərlər çərçivəsində yetişməsi üçün bu bayram hər il təhsil ocaqlarında da böyük həvəslə qeyd edilir”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “martın 17-də R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə də adət-ənənəyə uyğun bayramın yüksək səviyyədə keçirilməsi təmin edildi. Novruzun gəlişini tərənnüm edən al-əlvan rənglərlə bəzədilmiş məktəb həyətində keçirilən bayram mərasimində şagirdlərin biri-birindən maraqlı çıxışları təqdim olunub. Kosa, Keçəl, Bahar qızın çıxışları şənliyə xüsusi maraq qatdı”.
O da bildirilir ki, “rəqslərdən, kiçik səhnəciklərdən ibarət rəngarəng proqram tədbir iştirakçılarında xoş ovqat yaratdı. Şagirdlərin bir-birindən maraqlı çıxışlarından sonra məktəbin direktoru Almaz xanım Həsrət çıxış edərək öz bayram təbrikini çatdırdı”.
Eyni zamanda bayram tədbirində mükafatlandırma da olub: “Bəzi fəal müəllimlər həmkarlar komitəsi tərəfindən dəyərləndirilərək mükafatlandırıldı. Sonda hər kəs məktəb həyətində qalanan tonqalın ətrafında yallı gedərək bir daha birlik nümayiş etdirdi. Beləcə Novruz təravəti, Novruz gəlişi hər kəsdə böyük təəssüratlar yaratdı”.