Son yeniləmə: 17 Mart 2023 16:24
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (İTC) başqanı Hasan Turan İTC Təhlükəsizlik Departamentinin keçmiş rəisi Ahmet Tahir üçün keçirilən mövlud-i şərifdəki çıxışında sərt fikirlər səsləndirib.
Türkmeneli TV xəbər verir ki, o, çıxışında Kərkük Polis İdarəsinin rəisini tənqid atəşinə tutub: “H.Turan çıxışında Kərkük Polis İdarəsinin rəisini A.Tahirin qətlini ört-basdır etməkdə ittiham edib. “Uzun müddətdir ki, təhdid mesajları alırdıq, bütün təhlükəsizlik təşkilatları bu vəziyyətdən xəbərdardır, lakin təəssüf ki, heç bir təşkilatın heç bir tədbir görmədiyini gördük” deyib.
H.Turan həmçinin, İraq rəsmilərini də tənqid edib. İTC başqanı başqalarının başına bir iş gələndə hər kəsin qınama mesajları və bəyanatlar verdiyini, türkmənlərdən söz düşəndə isə hamının susduğunu söyləyib. O, hökumətin, siyasi partiya liderlərinin və siyasi koalisiyaların bu hadisələrə səssiz qaldığını bildirib.
H.Turan, Diyaledəki hadisələr nəticəsində baş nazirin Diyale səfərini və cinayətkarları həbs etmək üçün təhlükəsizlik qüvvələrinə iki həftə vaxt verməsini müsbət qarşıladığını deyib. Eyni zamanda, baş nazirin Kərkük və Türkmən bölgələri üçün də eyni həssaslığı göstərməsi lazım olduğunu bildirib.
H.Turan İraq Türkmən Cəbhəsi, türkmən siyasi partiyaları və türkmən siyasətçilərinin terror təşkilatları tərəfindən təhdiid edildiyini də vurğulayıb.