Son yeniləmə: 17 Mart 2023 15:17
BAYARQDAR MEDİA – Ümumi təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “paytaxt məktəblərində “Dəyərlərimizi qoruyaq!”, “Novruz gəlir, yaz gəlir”, “Novruz adət-ənənələri”, “Dəyərlərimiz bədii ədəbiyyatda” və digər müvafiq mövzularda tədbirlər, dəyirmi masalar, “açıq dərs”lər, mühazirələr, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib. Bundan əlavə, təhsil müəssisələrində mənəvi dəyərlərimizi əks etdirən divar qəzetləri, stendlər və guşələr hazırlanıb, müxtəlif nominasiyalar üzrə müsabiqələr təşkil olunub, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlər nümayiş edilib”.
Tədbirlərdə xalqımızın qədim tarixini əks etdirən, adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında geniş məlumat verilib: “Bildirilib ki, Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır. Tədbirlərdə milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Onların ifasında milli rəqslər, xalq oyunları, Kosa və Keçəlin məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirlərə rəngarənglik qatıb”.