BAYRAQDAR MEDİA – Qardaş Özbəkistanın universitetlərində azərbaycanlı alimlərin mühazirələri təşkil olunacaq, tədris proqramlarına Azərbaycan tarixi və ədəbiyyatı mövzuları daxil ediləcək.
Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya martın 17-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən veriblər.
Xəbərdə deyilir ki, “Mərkəzin direktoru Samir Abbasov Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru Firuza İkramxanova və Universitetin professoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinovu qəbul edib. Görüşdə Heydər Əliyev ili çərçivəsində Özbəkistanda keçiriləcək tədbirlər, layihələr, Daşkənd Dövlət Pedaqoji Universitetində azərbaycanlı tələbələr üçün güzəştli qəbul prosedurunun yaradılması, Nizami Gəncəvi və Əlişir Nəvai Dostluq Mərkəzinin təşkili məsələləri müzakirə olunub”.
O da bildirilir ki, “Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənd Dövlət Pedaqoji Universitetinin tədris proqramına Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı mövzularının daxil edilməsi, azərbaycanlı mütəxəssislərin, alimlərin cari ilin aprel ayında sözügedən Universitetdə Azərbaycan tarixi, ədəbiyyatı mövzusunda açıq mühazirələrinin təşkili məsələləri müzakirə edilmiş və razılıq əldə edilmişdir”.
“Tərəflər arasında Özbəkistanda keçiriləcək Azərbaycan mədəniyyəti həftəliyi çərçivəsində layihənin reallaşdırılması və tədbirin keçirilməsi planlaşdırılmış, habelə xalqlarımızın milli bayramı olan Novruza dair birgə tədbirin keçirilməsi razılaşdırılıb”, – deyə xəbərdə qeyd edilir.