Press "Enter" to skip to content

Mədəniyyət Mərkəzi diasporla iş birliyi edəcək

Samir Abbasov Xəzər TV-yə müsahibə verərkən

BAYRAQDAR MEDİA – Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanın Sırdərya vilayətindəki Azərbaycan diaspor təşkilatı ilə əməkdaşlıq və birgə layihələr ətrafında müzakirə aparıb.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən daxil olub.

“Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın Sırdərya vilayətində olub və vilayətdə Azərbaycan diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Əzizağa Bayramov ilə görüş keçirib. Görüşdə milli mədəniyyətimizin Özbəkistanda tanıdılması istiqamətində aparılan işlər, Sırdərya vilayəti üzrə də yerli diaspor təşkilatının fəaliyyəti, əməkdaşlıq məsələləri, habelə gələcək planlar barədə müzakirələr aparılıb”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “2023 – “Heydər Əliyev ili” münasibəti ilə keçiriləcək birgə tədbirlər, Sırdərya vilayətində yerli azərbaycanlılar üçün Azərbaycan incəsənət ustalarının dostluq konsertinin təşkili məsələləri müzakirə edilib və razılıq əldə olunub”.

O da bildirilir ki, “səfər çərçivəsində Mərkəzin layihəsi və dəstəyi ilə Azərbaycanın populyar “Xəzər” telekanalının “Ənənə boğçası” verilişi də Sırdərya vilayətində olub, toy mərasimində iştirak edərək Özbək toy ənənələrinə dair veriliş hazırlayıb. Bundan başqa, sözügedən verilişin heyəti və Mərkəzin təmsilçiləri vilayətdə yerli Azərbaycan ailələrinin qonağı olub, onlardan müsahibələr götürüb, çəkilişlər həyata keçirilib”.

Mission News Theme by Compete Themes.