Son yeniləmə: 16 Mart 2023 10:48
BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (dim) martın 18-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 16-da DİM-dən məlumat verilib.
Bildirilib ki, dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı kompüterlər vasitəsilə aparılacaq: “İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək. İmtahana 80 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar”.
Məlumata əsasən, BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək: “Bu imtahanda iştirak edəcək namizədlər verilən linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir”.
Qeyd edilib ki, digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək: “Kompüter vasitəsilə ilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Bu imtahan saat 10:00-da başlanır. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir. Qeyd edək ki, fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 8, AC qrupu üzrə 15, BA qrupu üzrə 77, BB qrupu üzrə isə 215 olmaqla, ümumilikdə 315 namizəd qeydiyyatdan keçib”.