Press "Enter" to skip to content

Bakı məktəbində kitab təqdimatı

16 kitabdan ibarət texniki-populyar seriyanın təqdimat mərasimi keçirilib

Son yeniləmə: 16 Mart 2023 11:11

BAYRAQDAR MEDİA – Bakı şəhəri 300 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilən 16 kitabdan ibarət texniki-populyar seriyanın təqdimat mərasimi keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nartn 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, təqdimat mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) prorektoru, dosent Ata Babayev, kitabın müəllifləri və ADNSU-nun dekanları Naməd Paşayev, Aydın Əliyev, Fərid Ağayev, İlham Rüstəmov, Universitetin məsləhətçi professoru Ələsgər Əliyev, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Məlumata əsasən, A.Məmmədov “Heydər Əliyev İli” çərçivəsində dəyərlərin təbliği ideyasının işığında ADNSU tərəfindən məktəblilərə kitab dəstinin hədiyyə edilməsini təqdirəlayiq addım kimi qiymətləndirib: “Texniki-populyar seriyanın texniki sahələr üzrə əhəmiyyətli vəsait olduğunu deyən A.Məmmədov bu kitablardan tələbələrlə yanaşı magistrlar, doktorantlar, müəllimlər və elmi işçilərin, hətta məktəblilərin də faydalana biləcəklərini söyləyib. Müdir müavini məktəblilərə təqdim olunan bu kitabların gələcəkdə onların ali təhsil pillələrində yüksəlməyində, bir şəxsiyyət kimi formalaşmağında böyük rol oynayacağını diqqətə çatdırıb”.

Daha sonra kitab müəllifləri N.Paşayev, A.Əliyev, F.Ağayev, İ.Rüstəmov və Ə.Əliyev 16 kitabdan ibarət texniki-populyar seriya barədə ətraflı məlumat veriblər. Qeyd ediblər ki, texniki-populyar seriya Azərbaycanda elmin populyarlaşması və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Müəlliflər İstanbul şəhərində çap olunmuş bu kitabların gənclərin düzgün ixtisas seçimində onlara böyük dəstək olcağını diqqətə çatdırıblar.

Öz növbəsində, prorektor, dosent A.Babayev çıxışı zamanı ADNSU-da mütəmadi olaraq elmin müxtəlif sahələri üzrə, xüsusilə texniki, kimya, energetika və geologiyaya həsr olunmuş kitabların nəşr olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün təqdim olunan kitab dəsti həm müəllimlərin, həm də şagirdlərin inkişafı üçün faydalı olacaq.

Daha sonra şagirdlərin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Mission News Theme by Compete Themes.