Son yeniləmə: 16 Mart 2023 15:58
Dünyanın ən nüfuzlu texnologiya universitetinə qəbul olan ilk azərbaycanlı qız məktəbli “Technest” məzunudur
BAYRAQDAR MEDİA – Məlumdur ki, Dəniz Sətttarlı və Fidan Qarayeva dünyanın ən nüfuzlu universitetlərindən olan Massaçusets Texnologiya İnstitutuna (MIT) daxil olublar. Qeyd edək ki, məktəbli qızların Azərbaycandan MIT-ə tam təqaüdlə daxil olması təhsil tariximizdə ilk hadisədir.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 16-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən məlumat verilib.
Bildirilib ki, kimya üzrə respublika və beynəlxalq olimpiadalarda qalib gəlmiş Dəniz Səttarlı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə yaranan və Azərbaycanın İKT üzrə ilk təqaüd proqramı olan “Technest”in məzunlarındandır.
Martın 16-da İRİA-nın rəhbəri İnarə Vəliyeva və Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin rəhbəri Fatimə Ələkbərova Dəniz Səttarlı ilə görüşüb. Agentlikdən keçirilən görüşdə həmçinin, dünyanın TOP 15-liyində yer almış Con Hopkins Universitetinə qəbul olan digər “Technest” təqaüdçüsü İradə Feyzullayeva, Roof Academic Training mərkəzinin nümayəndələri də iştirak edib.
Məlumata əsasən, görüş çərçivəsində İ.Vəliyeva təqaüdçüləri həyatlarındakı yeni və önəmli mərhələyə addım atmaları münasibətilə təbrik edib: “Azərbaycanlı qızların dünyanın mötəbər universitetlərinə qəbul olması ölkəmiz üçün böyük qürur mənbəyidir. İRİA üçün bu mötəbər hadisədə ən önəmli fakt odur ki, eyni anda 2 “Technest” təqaüdçüsü dünyanın ən yaxşı universitetlərində təhsil imkanı əldə etdilər. “Technest” Təqaüd Proqramının yaranmasının əsas məqsədlərindən biri ölkədə İKT kadr bankını yaratmaqdır ki, biz artıq bunun bəhrəsini görməyə başlamışıq.Əminəm ki, “Technest” təqaüdçüləri Dəniz və İradənin timsalında arzu etdikləri təhsil və karyera hədəflərinə çataraq peşəkar mütəxəssislərə çevriləcəklər. Bir daha qızlarımızı bu əlamətdar uğur münasibətilə təbrik edir və onlara müvəffəqiyyətlər arzu edirəm”.
Məlumatda o da xatırladılıb ki, İRİA “Technest” Təqaüd Proqramı çərçivəsində İKT sahəsində tədris prosesinin peşəkar və səmərəli təşkilini həyata keçirir: “Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilərlər. Proqram çərçivəsində İKT üzrə ixtisaslaşmış 12 aparıcı təlim mərkəzi ilə 50-dək ixtisasın tədrisi həyata keçirilir. Proqram çərçivəsində tələbələr proqramlaşdırma, proqram təminatı, data analitikası, bulud texnologiyaları, bulud administrasiyası, kibertəhlükəsizlik, avtomatlaşdırma, elektronika, proqramlaşdırma dilləri, UI/UX dizaynı kimi müxtəlif sahələr üzrə təhsil alırlar. 2022-ci il üzrə “Technest” Təqaüd Proqramı çərçivəsində təqaüd qazanan şəxslərin sayı 618 nəfər, işə qəbul əmsalı 90 % təşkil edib. 2023-cü ildə isə məzun sayının 3 minə çatdırılması planlaşdırılır”.