Press "Enter" to skip to content

“AmCham Azərbaycan”la DVX arasındakı əməkdaşlıq genişlənir

İşçi nahar zamanı

Son yeniləmə: 16 Mart 2023 10:58

BAYRAQDAR MEDİA – Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvlərinin naharı təşkil edilib. Tədbirə fəxri qonaq kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli də qatılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbiri giriş sözü ilə açan “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli Palatanın strateji hədəfləri çərçivəsində həyata keçirilən layihələr, həmçinin qarşıda duran plan və tədbirlər barədə danışıb: “Qurumun prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu Dövlət Vergi Xidməti ilə məhsuldar əməkdaşlığın mövcudluğunu bildirərək, Palatanın Azərbaycanda həm xarici, həm də yerli biznesin maraqlarını dəstəkləmək və inkişaf etdirmək üçün davamlı səylərini diqqətə çatdırıb, bu məqsədlə əhəmiyyətli addımlar atıldığını, DVX ilə məhsuldar dialoqun və əməkdaşlığın vacibliyini vurğulayıb”.

Məlumata əsasən, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli yüzlərlə xarici və yerli biznesi birləşdirən “AmCham Azərbaycan”la DVX arasındakı əməkdaşlığın səmərəli tərəfdaşlıq prinsiplərinə əsaslandığını qeyd edib: “Bildirilib ki, DVX vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi ödəyicilərinə yeni xidmətlər göstərilməsinə, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün sahibkarlar və ictimai təşkilatlarla müxtəlif müzakirələrin aparılmasına xüsusi önəm verir. Vurğulayıb ki, işgüzar dairələrlə birgə keçirilən bu kimi tədbirlər dövlət-biznes dialoqu, qarşılıqlı etimadın artırılması və ictimai əməkdaşlığın müzakirəsinə töhfə verir, vergi orqanları ilə biznes strukturları arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində və vergi ödəyicilərinin vergi qanunvericiliyinə daha yaxşı əsaslanmasında müstəsna rol oynayır. Diqqətə çatdırılıb ki, DVX ölkədə davamlı iqtisadi artımı təmin edəcək əlverişli investisiya mühitinin yaradılması məqsədilə vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır”.

O.Nəzərli müasir vergi sisteminin qarşısında duran çağırışlar və bu sahədə aparılan islahatlar, son bir neçə ildə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımlar, ortamüddətli dövr üçün vergi siyasətinin qarşısında duran əsas hədəflər, vergi qanunvericiliyi və inzibatçılığı sahəsindəki tendensiyalar barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Qeyd edilib ki, beynəlxalq vergitutma ilə bağlı dünyada baş verən yeni tendensiyalarla əlaqədar vergi qanunvericiliyində və inzibatçılığında dəyişikliklər həyata keçirilib, ölkədəki qeyri-rezident və rezident şəxslər üçün beynəlxalq vergitutma baxımından ədalətli və əlverişli sistemin yaradılması, avtomatik məlumat mübadiləsinin genişlənməsi, beynəlxalq müqavilələr şəbəkəsinin artırılması, müqavilələrin tətbiqi ilə bağlı proseslərin rəqəmsallaşdırılması istiqamətində yeniliklər tətbiq olunub.

Tədbir zamanı interaktiv sual-cavab sessiyası keçirilib və biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib. Bütün qaldırılmış məsələlər və suallar DVX rəhbərliyi tərəfindən cavablandırılıb.

Tədbir üzv şirkətlərin təqdimatları ilə davam edib. Naharda dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, işgüzar dairələrin və üzv şirkətlərin yüksək vəzifəli şəxsləri də daxil olmaqla, 140-dan çox qonaq iştirak edib.

Mission News Theme by Compete Themes.