Press "Enter" to skip to content

Əflatun Amaşov təltif edildi, Yayım Şurasına namizədlər seçildi

Rəşad Məcid Əflatun Amaşovu təltif edir

BAYRAQDAR MEDİA – Martın 15-də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin qurumun yubileyi – eyni gündə tamam olan 20 illiyinə həsr edilmiş toplantısı keçirilib.

Toplantıda bir sıra cari və gündəm məsələləri müzakirə edilib. Eyni zamanda qurumun keçmiş sədri, “Şöhrət” Ordenli Əməkdar jurnalist, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov təltif edilib.

MŞ sədri Rəşad Məcid Ə.Amaşovun 19 ildən artıq bir müddətdə quruma uğurlu rəhbərlik etdiyini vurğulayıb və məhz buna görə də onun təltif edilməsinin uyğun görüldüyünü deyib.

Həmçinin, MŞ İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə yeni namizədləri müəyyən edib.

R.Məcid bildirib ki, MŞ-nı hazırda Yayım Şurasında təmsil edən BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrətin müddəti aprel ayında bitir. Ona görə də MŞ yenidən namizəd irəli sürməlidir. Müvafiq qanuna uyğun olaraq tutulacaq bir yer üçün iki namizədin irəli sürülməsi lazımdır.

Daha sonra sədr Yayım Şurasının üzvü Azər Həsrətin fəaliyyətinə toxunub və bildirib ki, o, ötən altı ilə ərzində bu işində yetərincə fəal və uğurlu olub. Bunu nəzərə alaraq R.Məcid Azər Həsrətin yenidən Yayım Şurasına üzv olmasının uyğun olacağını bildirib. İH üzvləri onun bu təklifini yekdilliklə dəstəkləyiblər.

Öz növbəsində Azər Həsrət də İH üzvü Aqil Ələsgərin Yayım Şurası üzvlüyünə namizədliyini irəli sürüb. İH bu təklifi də dəstəkləyib.

Azər Həsrət və Aqil Ələsgər
Azər Həsrət və Aqil Ələsgər

Əlavə edək ki, qaydalara görə, Yayım Şurasına namizədlərin məsələsi ilkin olaraq Milli Məclisin müvafiq komitəsində müzakirə ediləcək. Daha sonra isə müzakirə və səsvermə MM-in plenar iclasında gerçəkləşdiriləcək.

Sonda yubiley tədbiri başqa məkanda bədii hissə ilə davam etdirilib.

Mission News Theme by Compete Themes.