Press "Enter" to skip to content

Meksikada Novruz adət-ənənələri ilə tanışlıq

Azərbaycan guşəsində xatirə fotosu

BAYRAQDAR MEDİA – Meksikanın paytaxtı Mexiko şəhərində İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin Meksikada akkreditə olunmuş səfirliklərinin təşkilatçılığı və Mexiko şəhərinin Migel Hidalqo bələddiyəsinin dəstəyi ilə mədəniyyət festivalı keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 15-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Mexiko şəhərinin mərkəzində yerləşən, şəhər sakinləri və çoxsaylı turistlər arasında populyar olan “Angela Peralta” açıq hava teatrında keçirilən bu festivalda Azərbaycanın milli mədəniyyəti, milli geyimləri, dulusçuluq, misgərlik, xalçaçılıq kimi əl sənəti nümunələri, o cümlədən Novruz adət-ənənələri və milli şirniyyatları təqdim olunub.

Məlumata əsasən, tədbirdə yüzlərlə paytaxt sakini, turistlər, diplomatik korpusun nümayəndələri, o cümlədən bir sıra ölkənin Meksikadakı fövqəladə və səlahiyyətli səfirləri, yerli KİV nümayəndələri iştirak ediblər: “Gün ərzində parka gələn çoxsaylı qonaqlar Novruz bayramı ilə bağlı adət və ənənələrlə tanış olub, onlara ölkəmizin tarixi, milli mətbəxi və mədəniyyəti barədə məlumat verilib”.

Tədbirdə, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar xüsusi guşə yaradılıb, stendi ziyarət edən qonaqlara Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verilib: “Həmçinin ölkəmizin əsrarəngiz təbiəti və Azərbaycan memarlığı barədə şəkillərdən ibarət sərgi nümayiş etdirilib, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dair materiallar paylanılıb, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun əsərləri barədə məlumat verilib, Azərbaycan milli musiqisi səsləndirilib, qonaqlara milli mətbəximizin ləziz təamları təqdim olunub”.

Bundan başqa tədbirdə “İpək Yolu” yerli rəqs qrupu tərəfindən “Laçın”, “Tərəkəmə”, “Nəlbəki”, “Bülbül” və Azərbaycanın digər milli rəqsləri nümayiş etdirilib.

Mission News Theme by Compete Themes.