Son yeniləmə: 15 Mart 2023 11:13
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar martın 14-də axşam İstanbuldakı təmaslarını başa vuraraq KKTC-yə qayıdıb.
Bu barədə KKTC Cümhurbaşqanlığından məəlumat verilib.
Bildirilib ki, E.Tatarı Ercan hava limanında KKTC Cümhuriyyət Məclisinin sədri Zorlu Töre, daxili işlər naziri Ziya Öztürkler, Təhlükəsizlik Qüvvələri komandanının müavini, briqada generalı Kadir Bayraklı və digər rəsmi şəxslər qarşılayıblar.
Məlumata əsasən, E.Tatar İstanbulda olarkən Mərmərə Qrupu Vəqfi 26-cı Avrasiya İqtisadi Zirvəsi çərçivəsində digər ölkələrin siyasətçiləri ilə görüşüb və çıxış edib.
Səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi, səfir Kubaniçbek Ömuraliyev ilə görüşən E.Tatar İstanbul Sənaye Palatasına da baş çəkib və Palatanın sədri, İdarə Heyəti və Məclis Sədrliyi ilə bir araya gəlib.
Onu da qeyd edək ki, E.Tatar martın 15-də səhər yerli vaxtla saat 10:45-də Avropa Komissiyasında Struktur İslahatlara Dəstək üzrə baş direktor Mario Navanı qəbul edəcək. KKTC Cümhurbaşqanı bu gün həmçinin, BMT baş katibinin müavini Rosemary DiCarlo ilə də görüşəcək.