BAYRAQDAR MEDİA – “Dövlət Təhlükəsizliyi Xidmətində istintaq olunan cinayət işi üzrə aparılmış araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan Respublikası ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir”.
Bu haqda xəbəri martın 15-də DTX yayıb.
Xəbərdə deyilir ki, “toplanmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur”.
Daha sonra bildirilir ki, “Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir”.
Məsələylə bağlı araşdırmaların davam etdiyi də qeyd edilir.